Binəqədinin 28 May qəsəbəsində dəmir yolu ilə bağlı yaranan problem sakinlərdən birinin ciddi narazılığına səbəb olub. Uzun müddətdir yaşadıqları ərazidəki vəziyyətin həllini gözlədiklərini bildirən sakin dövlət qurumlarına müraciət edərək problemin nəzarətə götürülməsini istəyib. O, hətta yaranmış vəziyyətə görə intihar etmək həddinə çatdığını bildirib.
Bu barədə şikayət News365.az-ın redaksiyasına daxil olub.
Şikayətçi müraciətində Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Azərbaycan Dəmir Yollarının sədri Rövşən Rüstəmova səslənərək məsələyə müdaxilə edilməsini xahiş edib.
Onun sözlərinə görə, yaşadığı evlə dəmir yolu xətti arasında cəmi 9 metr məsafə var. Sakin bu məsafənin hansı əsasla müəyyənləşdirildiyini və dəmir yolunun yaşayış evlərinə bu qədər yaxın salınmasının nə dərəcədə düzgün olduğunu sorğulayır.
Vətəndaş iddia edir ki, məsələ ilə bağlı müraciət etdiyi şəxslərdən fərqli cavablar alır. Bəziləri dəmir yolunun ərazidən keçəcəyini, digərləri isə bunun baş verməyəcəyini bildirir. Digər tərəfdən, ona kadastr sənədlərinin əsas götürüldüyü deyilir.
Şikayətçi kompensasiya məsələsində də ədalətsizliklə üzləşdiyini düşünür. Onun sözlərinə görə, ərazidəki digər sakinlərə kompensasiya verildiyi halda, onun ailəsinin müraciəti nəticəsiz qalır.
Müraciət müəllifi özünün müharibə veteranı, iki oğlunun isə Vətən müharibəsi iştirakçısı olduğunu xüsusi vurğulayıb. Bildirib ki, bir ailədə üç nəfərin müharibə ilə bağlı xidmətlərinin olmasına baxmayaraq, onların problemi indiyədək həllini tapmayıb.
Sakin müraciətində Prezident İlham Əliyevə dəstəyini ifadə edərək bildirib ki, dövlət başçısının həyata keçirdiyi layihələri yüksək qiymətləndirir, lakin bəzi məmurların fəaliyyəti nəticəsində vətəndaşların problemləri diqqətdən kənarda qalır.
O, aidiyyəti qurumlardan ailəsinin üzləşdiyi vəziyyətin araşdırılmasını, dəmir yolu xəttinin yaşayış evinə yaxınlığı məsələsinə aydınlıq gətirilməsini və kompensasiya ilə bağlı narazılığının həllini istəyir.
News365.az məsələ ilə bağlı Azərbaycan Dəmir Yollarının mövqeyini dərc etməyə hazırdır.
Vəfa Vəliyeva