ABŞ-nin Mayami Beynəlxalq Hava Limanında iki sərnişin və yük təyyarəsi arasında insident baş verib. Yerüstü hərəkət zamanı UPS aviaşirkətinə məxsus "Boeing 767" yük təyyarəsi ilə "Copa Airlines" şirkətinin "Boeing 737" sərnişin təyyarəsi toqquşub.
Bu barədə CBS News telekanalı məlumat yayıb.
Hadisənin hava limanındakı iki hərəkət zolağının kəsişdiyi ərazidə baş verdiyi bildirilir.
İlkin məlumata əsasən, toqquşma nəticəsində xəsarət alan olmayıb. Hər iki təyyarənin yerüstü hərəkəti zamanı baş verən insidentin səbəbləri ilə bağlı isə hələlik ətraflı məlumat açıqlanmayıb.
Mayami Beynəlxalq Hava Limanının kommunikasiya direktoru Qreq Çin hadisənin hava limanının ümumi fəaliyyətinə təsir göstərmədiyini bildirib. Uçuşların və digər hava limanı əməliyyatlarının normal qaydada davam etdiyi qeyd olunub.
Hadisə ilə bağlı əlavə təfərrüatların və mümkün texniki zərərin miqyasının araşdırılacağı gözlənilir.