ABŞ prezidenti Donald Tramp Rusiya ilə yalnız Ukraynanın və bütövlükdə Avropanın təhlükəsizliyini möhkəmləndirəcək razılaşmaları dəstəkləyəcək.
Bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner özünün "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib. O vurğulayıb ki, gələcəkdə yeni münaqişələrin yaranma ehtimalını azaldacaq istənilən yekun saziş bütün aidiyyəti tərəflər tərəfindən təsdiqlənməlidir: "İstənilən yekun razılaşma müvafiq tərəflər tərəfindən bəyənilməlidir; prezident Tramp yalnız Ukraynanın və Avropanın təhlükəsizliyini gücləndirəcək və gələcəkdə münaqişələrin baş vermə ehtimalını minimuma endirəcək razılaşmaları dəstəkləyəcək".
Kuşner həmçinin qeyd edib ki, NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq və hazırda Vaşinqton avropalı tərəfdaşların da Moskva ilə aparılan sülh danışıqlarının növbəti raunduna birbaşa cəlb olunması üzərində çalışır. Qeyd edək ki, ABŞ nümayəndə heyəti — Cared Kuşner və Stiv Vitkoff son günlər Əbu-Dabi, Moskva və Dublində intensiv məsləhətləşmələr apararaq tərəflər arasındakı ərazi və təhlükəsizlik zəmanətləri ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmağa çalışırlar.