Fransada etiraz aksiyalarına 106 min nəfər qatılıb

Fransada etiraz aksiyalarına 106 min nəfər qatılıb
21:00

Fransada qiymət artımına və hüquq-mühafizə orqanları əməkdaşlarının zorakılığına qarşı keçirilən etiraz aksiyalarında 106 min nəfər iştirak edib.

News365.az xəbər verir, noyabrın 14-də ölkənin müxtəlif şəhərlərində kütləvi nümayişlər təşkil olunub.

Ən böyük aksiya Parisdə keçirilib. Nazirliyin hesablamalarına əsasən, paytaxtda 24 min nəfər küçələrə çıxıb.

Nümayişin böyük hissəsi sakit keçsə də, yürüşün sonunda etirazçılarla polis arasında toqquşmalar baş verib. Hüquq-mühafizə orqanları aqressiv qrupları dağıtmaq üçün səs qumbaralarından və gözyaşardıcı qazdan istifadə edib.

“Jilet Jaunes” (“Sarı jiletlilər”) hərəkatının, eləcə də tələbə və məktəbli birliklərinin çağırışı ilə keçirilən aksiyalar zamanı digər şəhərlərdə də qarşıdurmalar qeydə alınıb. Nant şəhərində polis nümayişçilərə qarşı su şırnaqlarından istifadə edib. Bordo və Lionda da etirazçılarla polis arasında toqquşmalar baş verib.

Qeyd edək ki, Fransada kütləvi etirazlar sentyabrın sonlarından davam edir. Məktəblilər təhsil müəssisələrinin vəziyyətinə, dərs yükünün çoxluğuna və müəllim çatışmazlığına etiraz olaraq bir sıra məktəblərin fəaliyyətini bloklayıblar.

Oktyabrda isə həmkarlar ittifaqları əməkhaqlarının artırılması və hökumətin əlavə qənaət tədbirlərindən imtina etməsi tələbi ilə aksiyalara başlayıblar.


Sizin reklam burada
Sizin reklam burada