Naxçıvandan gələn sərnişinlər səhər saatlarından indiyədək Biləsuvar gömrük postunda gözləmək məcburiyyətində qalıblar.
News365.az xəbər verir ki, bununla bağlı video çəkən sərnişin saatlardır soyuq havada gözlədiklərini bildirib.
O, təxminən 5-in yarısından etibarən bu acınacaqlı vəziyyətlə üz-üzə qaldıqlarını vurğulayıb:
"Saat 04:27-dən buradayıq. Keçidimizə icazə verilmir. Xəstələr, uşaqlar var. İnsanlar əziyyət çəkirlər. Məlumat verilmir, səbəbini bilmirik".
***
Mediada Naxçıvan-Bakı reysi ilə gələn avtobusun sərnişinlərinin “Biləsuvar” gömrük postunda uzun müddət gözləməsi barədə videogörüntülər yayımlanıb. Yayımlanan görüntülərdə sərnişinlər gömrük nəzarətinin yubadıldığını, soyuq hava şəraitində açıq ərazidə gözlədiklərini iddia edirlər.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, gün ərzində “Biləsuvar” gömrük postundan keçməklə Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən 5 avtobusla, ümumilikdə 200-dən çox sərnişin daşınır və onların gömrük nəzarəti optimal müddətdə həyata keçirilir.
Dekabrın 17-də sərnişinlərin idxal nəzarət xəttinə kütləvi şəkildə daxil olmalarına, bəzi şəxslərin isə gətirdikləri mallara dair bəyannamələri vaxtında təqdim etmədiklərinə görə gömrük nəzarəti tədbirlərinin qismən uzanmasına səbəb olub, qısa müddət ərzində həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların sürətli keçidi tam təmin edilib.
Dövlət Gömrük Komitəsi sərhədkeçmə və rəsmiləşdirilmə proseslərinin optimal vaxt ərzində həyata keçirilməsi üçün vətəndaşlara gömrük qanunvericiliyinə riayət olunmasını tövsiyə edir.