Son aylar dünya mediasında və siyasi dairələrdə Rusiyanın Avropaya hərbi müdaxilə ehtimalı barədə müxtəlif spekulyasiyalar yayılır. Xüsusilə Britaniya və Avropa İttifaqı rəsmilərinin bəyanatları, Rusiyanın Avropaya qarşı strateji planlar qurduğu ilə bağlı ehtimalları gündəmə gətirib.
Politoloq Turab Rzayev News365.az-a verdiyi açıqlamada bildirib ki, Rusiyanın Avropa ölkələrinə qarşı genişmiqyaslı hərbi əməliyyat aparmaq gücü yoxdur.

Onun sözlərinə görə, bu iddialar əsasən Britaniya və Avropa İttifaqının Rusiya ilə bağlı siyasi və propagandist məqsədlərlə səsləndirdiyi açıqlamalardır.
Rzayev qeyd edib ki, Rusiyanın hazırda malik olduğu resurslar Ukrayna sərhədlərindəki əməliyyatlarla məhdudlaşır və Avropaya hücum etmək potensialı yoxdur. Eyni zamanda, belə bir hərəkətin NATO və Avropa ölkələrini birləşdirəcəyini və Rusiyanın qarşısında daha güclü koalisiyanın yaranmasına səbəb olacağını bildirib.
Politoloqun fikrincə, ABŞ və Avropa liderlərinin Ukraynaya dəstəyi əsasən Ukrayna xalqının öz ərazi bütövlüyünü qoruması üçün nəzərdə tutulub. Lakin o əlavə edib ki, Avropa ölkələrinin Rusiyanın Avropaya hücum etməsi ilə bağlı narahatlığı real faktlara əsaslanmır:
“Rusiyanın Avropaya hücum etmək gücü yoxdur. Ukraynanı dəstəkləmək lazımdır, lakin Avropada hər hansı genişmiqyaslı müharibə baş verəcəyini düşünmürəm”, – Turab Rzayev bildirib.
Politoloq həmçinin vurğulayıb ki, Avropa liderlərinin bəzi açıqlamaları Ukrayna dəstəyini daha çox siyasi oyun və propagandaya çevirmək məqsədi daşıyır.