Zəngəzur dəhlizi ilə bağlı layihənin həyata keçirilməsi istiqamətində müəyyən siyasi və obyektiv problemlər mövcuddur. Ermənistan hakimiyyətinin mövqeyi, eləcə də layihənin reallaşmasına mane olmaq istəyən bəzi regional dövlətlərin maraqları prosesə təsir edən əsas amillər sırasında göstərilir.
Politoloq Elçin Alıoğlu News365.az-a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı əsas problemlərdən biri siyasi xarakter daşıyır. Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin layihəyə münasibəti və mövcud siyasi ziddiyyətlər müəyyən çətinliklər yarada bilər.

"Obyektiv problemlər isə ondan ibarətdir ki, bu layihənin həyata keçirilməsinə mane olmaq istəyən iki dövlət var: Rusiya və İran İslam Respublikası. İran bu layihəni öz maraqları baxımından təhlükə hesab edir. Çünki onun Cənubi Qafqazda təsir imkanları azalıb. Eyni zamanda, Ermənistan üzərində təsir mexanizmlərinin də zəifləyəcəyindən ehtiyat edir", - politoloq qeyd edib.
E.Alioğlu Rusiyanın da Zəngəzur dəhlizi ilə bağlı narahatlığının olduğunu bildirib:
"Rusiya Ermənistana təsir vasitələrini sürətlə itirir və artıq bunun fərqindədir. Buna görə də zaman-zaman təhdid və hədələr dilinə keçir. Ona görə Rusiya və İran əslində Zəngəzur dəhlizinə maraqlıdır".
Politoloqun sözlərinə görə, Zəngəzur dəhlizinin reallaşması İran üçün də müəyyən iqtisadi imkanlar yarada bilər.
"İran üçün Zəngəzur dəhlizi öz məhsullarını Azərbaycan, Lüksemburq, Türkiyə və oradan dünya bazarına çıxarmaq üçün ideal variantdır. İran bunu anlayır, amma tətbiq etmək istəmir", - deyə o vurğulayıb.
E.Alioğlu Rusiyanın mövqeyindən danışarkən Şimal-Cənub nəqliyyat dəhlizinə də diqqət çəkib. O bildirib ki, mövcud geosiyasi vəziyyət fonunda bu marşrut Rusiya üçün mühüm əhəmiyyət daşıyır:
"Rusiya üçün Şimal-Cənub layihəsi, xüsusilə sanksiyalar və Ukrayna müharibəsi fonunda enerji daşıyıcılarının və digər məhsulların Qərb bazarlarına çıxarılması baxımından ən uyğun variantlardan biridir".
Politoloq Zəngəzur dəhlizi layihəsinin gecikməsinin Azərbaycan tərəfinin fəaliyyəti ilə bağlı olmadığını da bildirib. Onun sözlərinə görə, layihənin Azərbaycan ərazisindəki hissəsi cəmi 40 kilometrlik məsafəni əhatə edir və burada görülən işlər mürəkkəb xarakter daşımır.
"Bu, Azərbaycanda başlayan və Azərbaycanda tamamlanan bir layihə deyil. Azərbaycan ərazisində cəmi 40 kilometrlik bir məsafədir. Bu dəhlizdə aparılan işlərin həyata keçirilməsi kifayətdir. Burada rabitə, fiber-optik kabellər, məlumat mübadiləsi və digər infrastruktur məsələləri var", - deyə Elçin Alıoğlu əlavə edib.