Bakı Metropolitenində qırmızı və yaşıl xətlərin ayrılması istiqamətində layihənin icrasına başlanılıb.
Bu sözləri jurnalistlərə açıqlamasında "Bakı Meteopoliteni" QSC-nin Baş mühəndisi Namiq Yusubov bildirib.
Onun sözlərinə görə, layihənin əsas məqsədi qırmızı və yaşıl xətlərin müstəqil fəaliyyət göstərməsini təmin etməkdir.
"Xətlərin ayrılması üçün hər iki istiqamətin müstəqil fəaliyyət göstərə biləcəyi depo infrastrukturu yaradılmalıdır. Bu istiqamətdə ilkin olaraq “Dərnəgül” deposunun tikintisinə başlanılıb. Ümumilikdə 25 qatar üçün nəzərdə tutulan depoda hazırda 12 qatar istismara verilib. Burada yaşıl xətt üzrə hərəkət edən qatarların texniki baxışı və gündəlik istismarının təşkili üçün şərait yaradılıb".
Baş mühəndis bildirib ki, “Dərnəgül” deposuna gedən təxminən 2 kilometrlik yol inşa olunub, mühəndis-texniki qurğuların tikintisinə başlanılıb. Həmçinin işçi heyətinin fəaliyyəti üçün zəruri şərait yaradılıb və müvafiq əməkdaşların ayrılması həyata keçirilib.
"Xətlərin ayrılmasından sonra qırmızı xətt üzrə qatarların hərəkəti “Həzi Aslanov” stansiyasından “İçərişəhər” stansiyasına qədər, yaşıl xətt üzrə isə “Dərnəgül” stansiyasından “Nizami” stansiyasına qədər təşkil olunacaq".
Namiq Yusubov qeyd edib ki, xətlərin ayrılması işlərinin tam başa çatdırılması təxminən 11 ay müddətinə planlaşdırılıb. Bu müddət ərzində birləşdirici tunelin də inşası nəzərdə tutulur.
"Layihənin yekunlaşdırılmasından sonra qırmızı və yaşıl xətlərin müstəqil fəaliyyət göstərməsi nəticəsində metropolitendə qatarların hərəkətinin daha çevik və dayanıqlı təşkili, həmçinin intervalların təkmilləşdirilməsi mümkün olacaq".