“907-ci düzəliş
artıq mahiyyətini itirmiş və regiondakı yeni reallıqlara uyğun gəlməyən
hüquqi-siyasi məhdudiyyətdir. Bu düzəliş 1992-ci ildə, Azərbaycan-Ermənistan
münaqişəsinin tamamilə fərqli mərhələsində qəbul edilmişdi. Bu gün isə Azərbaycan
ərazi bütövlüyünü bərpa edib, regionda yeni siyasi reallıq formalaşıb və Azərbaycanla
ABŞ arasında strateji əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm
addımlar atılır”.
Buna News365.az–a açıqlamasında Millət vəkili, AMİP
sədri Arzuxan Əlizadə deyib.
O, əlavə
edib ki, ABŞ prezidentinin 907-ci düzəlişi növbəti dəfə bir illiyə dondurması,
şübhəsiz ki, müsbət addımdır və Vaşinqtonun bu məhdudiyyətin praktik əhəmiyyətini
getdikcə daha az gördüyünü göstərir:
“Lakin bunun
hər il təkrarlanması problemin kökündən həll olunması demək deyil. Düzəlişin
birdəfəlik ləğvi daha məntiqli və ardıcıl yanaşma olardı. Çünki ABŞ-Azərbaycan
münasibətlərində yeni strateji mərhələ başlayıb və köhnə, artıq tarixi şəraitə
uyğun olmayan məhdudiyyətin saxlanılması bu münasibətlərin ruhu ilə ziddiyyət təşkil
edir.
ABŞ-ın bunu
hələ tam ləğv etməməsinin əsas səbəblərindən biri məsələnin artıq icra hakimiyyətindən
daha çox Konqresin siyasi mövqeyi ilə bağlı olmasıdır. ABŞ Konqresində erməni
lobbisinin və bu istiqamətdə fəaliyyət göstərən müxtəlif qrupların ciddi təsiri
qalmaqdadır. 2023-cü ildə 907-ci maddənin prezident tərəfindən tətbiq edilən
"waiver" mexanizminin məhdudlaşdırılması ilə bağlı qanunvericilik təşəbbüslərinin
də ortaya çıxması bunu göstərir.
Amma hesab
edirəm ki, Azərbaycan bu məsələdə prinsipial mövqeyini davam etdirməlidir.
Vaşinqtonda əldə olunan yeni siyasi anlaşmalar, Azərbaycan-ABŞ münasibətlərinin
strateji xarakter alması və regionda sülh gündəliyinin irəliləməsi fonunda
907-ci düzəlişin birdəfəlik ləğvi artıq həm siyasi, həm də məntiqi baxımdan zərurətə
çevrilib. Bu, təkcə Azərbaycana münasibətdə ədalətsiz məhdudiyyətin aradan
qaldırılması deyil, həm də ABŞ-ın Cənubi Qafqazdakı yeni reallıqları qəbul
etdiyini göstərən mühüm siyasi mesaj olardı”.
News365.az