2027-ci ilin
dövlət büdcəsinin layihəsi bu gün əsas müzakirə mövzusudur. Və büdcə layihəsi ətrafında
müxtəlif fikirlər səslənir.
Müzakirə
olunan məsələlərdən biri də manatın növbəti ildəki məzənnəsidir.
Mövzu ilə
bağlı danışan iqtisadçı Eldəniz Əmirov
deyib ki, bu dəfə ölkə başçısının manatın ucuzlaşmayacağı ilə bağlı fikrini şəxsən
və kifayət qədər qəti şəkildə ifadə etməsi məsələnin ciddiliyini bir daha göstərir:
“Görünən
odur ki, Azərbaycan qarşıdakı dövrdə makroiqtisadi tarazlığın qorunmasının əsas
elementlərindən biri kimi manatın məzənnə sabitliyini saxlamaqda davam edəcək.
Bunun üçün
iqtisadi əsaslar da var. Ölkənin xarici ticarətində böyük müsbət saldo mövcuddur,
valyuta bazarında təklif tələbi üstələyir, strateji valyuta ehtiyatları 90
milyard dolları keçib və xarici borcdan təxminən 20 dəfə çoxdur.
Yəni hazırda
manatın sabitliyini qorumaq üçün həm iqtisadi imkan, həm maliyyə resursları, həm
də siyasi iradə mövcuddur. Bütün bunlar manatın məzənnə sabitliyinin hələ bir
neçə il qorunacağı ehtimalını kifayət qədər gücləndirir”.
News365.az