Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin iştirakı ilə keçirilən “Birliyin Gücü-2026” birgə hərbi təlimi başa çatıb. Sentyabrın 22-də başlayan təlim çərçivəsində üç ölkənin hərbi qulluqçuları quruda, dənizdə və havada müxtəlif tapşırıqları birgə icra ediblər.
News365.az xəbər verir ki, təlimlər Xocavənd rayonunda yerləşən “Qızılqaya”, Naxçıvan Muxtar Respublikasındakı “Qarabağlar” təlim mərkəzlərində və Xəzər dənizinin Azərbaycan akvatoriyasında yerləşən “Böyük Zirə” təlim sahəsində keçirilib.

Məşqlər zamanı komandirlər tərəfindən müxtəlif vəziyyətlərin qiymətləndirilməsi, təhlili və qərarların qəbul edilməsi üzrə tapşırıqlar yerinə yetirilib. Əsas diqqət üç ölkənin hərbi qulluqçularının birgə fəaliyyət zamanı qarşılıqlı fəaliyyət və uzlaşmasının effektivliyinin artırılmasına yönəldilib.
Təlimin əsas məqsədi Azərbaycan, Türkiyə və Özbəkistan orduları arasında xüsusi əməliyyatların keçirilməsi sahəsində təcrübə mübadiləsinin aparılması və qarşılıqlı fəaliyyət bacarıqlarının təkmilləşdirilməsi olub.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev News365.az-a açıqlamasında bildirib ki, “Birliyin Gücü-2026” təlimi hərbi təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır.
Deputatın sözlərinə görə, təlimin fərqli coğrafi ərazilərdə keçirilməsi onun əhəmiyyətini daha da artırır:
“Bu təlimi xüsusilə əhəmiyyətli edən məqam onun yalnız bir poliqonda deyil, həm Naxçıvanda, həm Qarabağda, həm də Xəzər dənizinin Azərbaycan akvatoriyasında keçirilməsidir. Müxtəlif coğrafi və əməliyyat şəraiti nəzərə alınaraq Türk Dövlətləri Təşkilatına daxil olan üç qardaş ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyəti və imkanları sınaqdan keçirilir”.
Arzu Nağıyev qeyd edib ki, təlimlərə quru qoşunları ilə yanaşı, aviasiya, dəniz qüvvələri və pilotsuz uçuş aparatlarının cəlb olunması müasir döyüş şəraitinə uyğun kompleks yanaşmanı nümayiş etdirir.
Deputat əsas məsələlərdən birinin müxtəlif orduların koordinasiyasının və əməliyyat prosedurlarının uyğunlaşdırılması olduğunu vurğulayıb.
“Bu cür təlimlər yalnız hərbi texnikanın nümayişi deyil. Müxtəlif orduların real döyüş şəraitinə uyğun qərarlar qəbul etməsi, qarşılıqlı əlaqə qurması və eyni tapşırığa fərqli yanaşmaları baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə o bildirib.
Onun sözlərinə görə, təlim çərçivəsində antiterror əməliyyatları, girovların azad edilməsi, dənizə desant çıxarılması, təxliyə və minalardan təmizləmə ilə bağlı tapşırıqlar da yerinə yetirilib.
Komitə sədri təlimin Qarabağ, Naxçıvan və Xəzər kimi strateji əhəmiyyətli məkanları əhatə etməsinin Azərbaycan üçün xüsusi önəm daşıdığını bildirib.
“Bu təlimlər Azərbaycan Ordusunun daim təkmilləşdirilməsinə və gücləndirilməsinə xidmət edir. Digər tərəfdən, Azərbaycan, Türkiyə və Özbəkistanın bu cür birgə hərbi təlimləri türk dövlətləri arasında təhlükəsizlik sahəsində praktiki əməkdaşlığın güclənməsinə və dərinləşməsinə təsir göstərir”, – Arzu Nağıyev deyib.
Deputat əlavə edib ki, təlimlərin məqsədi üçüncü tərəfə qarşı yönəlmiş fəaliyyət deyil:
“Türkiyə NATO-nun üzvüdür, Azərbaycanın müasir standartlara uyğun ordusu var. Özbəkistanın KTMT-də üzv olmamasına baxmayaraq, əsas məqsəd üçüncü tərəfə qarşı yönəlmiş fəaliyyət deyil, dövlətlərin öz təhlükəsizliyini və müdafiə qabiliyyətini artırmasıdır”.
Arzu Nağıyev “Birliyin Gücü-2026” təliminin regional təhlükəsizlik baxımından verdiyi mesajlara da toxunub.
“Birliyin Gücü-2026” birgə hərbi təliminin əsas mesajları müasir təhlükəsizliyin təmin olunması, gələcəkdə ərazi bütövlüyünə və suverenliyə qarşı təhdidlərin qarşısının alınması istiqamətində birgə addımların atılmasıdır. Azərbaycan, Türkiyə və Özbəkistan bu istiqamətdə təcrübə mübadiləsi aparır və regional təhlükəsizlik baxımından əhəmiyyətli nəticələr əldə edə bilir”, – deyə deputat vurğulayıb.