Efiopiyanın paytaxtı Əddis-Əbəbədə gecə saatlarında bir neçə partlayış səsi eşidilib.
“Reuters”in diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, hadisə şəhərdə təhlükəsizliklə bağlı narahatlığın artdığı bir vaxtda baş verib.
Efiopiyanın şimalında federal qüvvələrlə ötən həftədən etibarən döyüşən müxalifət alyansı ilə əlaqəli mənbə qruplaşmanın Əddis-Əbəbəyə bir neçə dron hücumu həyata keçirdiyini bildirib. Mənbənin sözlərinə görə, hücumların hədəfləri arasında hərbi qərargah da olub.
Məlumat təsdiqlənərsə, bu, hökumət əleyhinə qüvvələrin Efiopiyanın paytaxtına ilk məlum dron hücumu olacaq.
Baş nazir Abiy Əhmədin ofisinin, federal hökumətin və hərbi qurumların nümayəndələri məsələ ilə bağlı “Reuters”in şərh sorğusuna dərhal cavab verməyiblər.
Efiopiyanın şimalında ötən həftə baş verən toqquşmalar 2020-2022-ci illərdəki vətəndaş müharibəsinin başa çatmasından sonra ölkədə zorakılığın ən ciddi eskalasiyası kimi qiymətləndirilir.
Efiopiyanın Milli Kəşfiyyat Xidməti çərşənbə günü təhlükəsizlik səbəbilə Əddis-Əbəbə və ətraf ərazilərdə bütün dron uçuşlarının müddətsiz qadağan edildiyini açıqlayıb.
Müxalifət alyansına daxil olan qüvvələrin daha əvvəl silahlı dronlara malik olduğu məlum deyildi. Lakin son günlər onların ən azı müəyyən dron imkanlarına sahib ola biləcəyinə dair məlumatlar yayılır.
Çərşənbə axşamı Efiopiyanın şimalındakı Tiqray bölgəsində hökumətyönlü milis qüvvələri Tiqray Xalq Azadlıq Cəbhəsi (TPLF) ilə əlaqəli qüvvələrdən dron gövdələri və batareyalar ələ keçirdiklərini bildiriblər. TPLF müxalifət alyansının əsas üzvlərindən biridir.
News365.az