Gürcüstan Patriarxlığının Qax rayonunda yerləşən Kürmük məbədi ilə bağlı açıqlaması Azərbaycanda müzakirələrə səbəb olub.
News365.az xəbər verir ki, məsələ ilə bağlı politoloq Turan Rzayev açıqlama verib.

O bildirib ki, Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı mövqeyi son günlərdə bölgədə aparılan işlərlə əlaqədar narahatlıqların ifadə olunmasına gətirib çıxarıb:
“Gürcüstan Patriarxlığının Qax rayonunda yerləşən Kürmük məbədi ilə bağlı açıqlaması gərginliyə səbəb olub. Məlumatda qeyd olunur ki, son günlər Kurmuxidəki Müqəddəs Georgi kilsəsində və onun tarixi Hereti şəhərindəki ərazisində davam edən işlərlə bağlı mediada yayılan məlumatlar, foto və video materiallar narahatlıq doğurur”.
Politoloqun sözlərinə görə, Azərbaycan tərəfi də məsələyə münasibət bildirib.
“Azərbaycan Xarici İşlər Nazirliyi verdiyi son açıqlamada açıq şəkildə bildirib ki, Gürcüstan Patriarxlığı Ermənistan kilsəsinin yanaşmalarını təkrarlamamalıdır. Ermənistanın siyasi və ictimai dairələrində də bir müddət əvvəl Gəncəsər və Xudavəng monastırları ilə bağlı oxşar yanaşmalar sərgilənmişdi”, – deyə Turan Rzayev qeyd edib.
Politoloq vurğulayıb ki, Azərbaycan ərazisində yerləşən tarixi, mədəni və dini abidələrə münasibətdə dövlətin mövqeyi dəyişməzdir.
“İstər Ermənistan, istər Gürcüstan olsun, fərqi yoxdur. Hər kəs bilməlidir ki, Azərbaycan ərazisində mövcud olan bütün tarixi, mədəni və dini abidələr Azərbaycan xalqının və dövlətinin milli irsinin ayrılmaz tərkib hissəsidir”, – deyə Turan Rzayev News365.az-a açıqlamasında bildirib.