Ermənistanda müharibə zamanı itkin düşən və ölən şəxslərlə bağlı məlumatların tam açıqlanmaması yeni suallar doğurur. Xüsusilə itkinlərin adları, doğum tarixləri və DNT ekspertizası nəticəsində müəyyənləşdirilən meyitlərin sayı barədə məlumatların ictimaiyyətə təqdim edilməməsi bunun səbəbləri ilə bağlı müxtəlif ehtimalları gündəmə gətirib.
News365.az xəbər verir ki, politoloq Xəqani Cəfərli Ermənistan hakimiyyətinin bu məlumatları açıqlamaqdan yayınmasının Paşinyan hakimiyyətinin siyasi maraqları ilə əlaqəli ola biləcəyini düşünür.

Politoloqun fikrincə, Ermənistan kimi kiçik bir ölkədə böyük sayda itkiləri uzun müddət ictimaiyyətdən gizlətmək olduqca çətindir. O hesab edir ki, xüsusilə sosial şəbəkələrin geniş yayıldığı indiki dövrdə ciddi hadisələr barədə məlumatların tamamilə ört-basdır edilməsi real görünmür.
“Ukraynada ölən Rusiya hərbçilərinin kimliyinin müxtəlif internet resursları tərəfindən araşdırılaraq adbaad müəyyənləşdirilməsi də bunu göstərir. Halbuki Rusiyanın ərazisi Ermənistanın ərazisindən təxminən 600 dəfə böyükdür. Belə olan halda kiçik Ermənistanda itkilərin sayını gizlətməyin mümkün olması ehtimalı demək olar ki, yoxdur. Əlbəttə, bir neçə nəfərlə bağlı məlumatı gizlətmək mümkündür. Ancaq yüzlərlə, minlərlə itkini gizlətmək mümkün deyil”, – Xəqani Cəfərli bildirib.
Politoloq hesab edir ki, Ermənistan hakimiyyətinin ölən və itkin düşən şəxslərlə bağlı konkret məlumatları açıqlamaması arxasında cəmiyyət üçün həssas ola biləcək başqa səbəblər dayana bilər.
“Ermənistan hakimiyyətinin itkin düşmüş və ölənlərin adlarını, doğum tarixlərini, eləcə də DNT analizindən keçərək kimliyi müəyyən edilmiş cəsədlərin sayını açıqlamaqdan imtina etməsi hansısa həssas məlumatla bağlı ola bilər. Ola bilsin ki, elə bir məqam var və bu məlumatın açıqlanması Ermənistanda narazılıq dalğası yarada, yaxud İrəvanın beynəlxalq aləmdəki mövqeyinə təsir göstərə bilər”, – deyə politoloq əlavə edib.