Əsas səhmdarı Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva olmuş “Bank BTB”nin hüquqi varisi — “T-Kredit” bank olmayan kredit təşkilatının (BOKT) lisenziyası ləğv edilib.
News365.az xəbər verir ki, qərar qurumun İdarə Heyətinin 29 sentyabr 2026-cı il tarixli iclasında qəbul olunub.
“T-Kredit”in lisenziyası təşkilatın öz müraciəti əsasında ləğv edilib. BOKT-a bu il iyulun 28-də verilmiş BKT-51 nömrəli lisenziya beləliklə, təxminən iki ay sonra qüvvədən düşüb.
Qeyd edək ki, “T-Kredit” “Bank BTB”dən sonra yaradılmış ayrıca kredit təşkilatı deyil, bankın yenidən təşkili nəticəsində onun hüquqi varisi olub. Mərkəzi Bank martın 5-də bankın BOKT-a çevrilməsinə əvvəlcədən razılıq verib, iyulun 27-də isə “Bank BTB”nin bank lisenziyasını ləğv edərək hüquqi varisinə lisenziya verilməsi barədə qərar qəbul edib.
“Bank BTB”nin əsas səhmdarı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva olub.
Mərkəzi Bank eyni qərarla “Fintrend” BOKT-un da lisenziyasını ləğv edib. Bu təşkilatla bağlı qərara səbəb prudensial tələblərə riayət edilməməsi və Mərkəzi Banka təhrif olunmuş hesabatların təqdim edilməsidir.
Qanunvericiliyə əsasən, lisenziyanın ləğvi barədə qərar qüvvəyə mindiyi gündən BOKT fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən edilmiş qaydada ləğv olunur.\\modern.az