Ermənistanda Rusiyanın təsir imkanları, 102-ci Rusiya hərbi bazasının gələcəyi və İrəvanın Avropa istiqamətində fəallaşması ölkə daxilində siyasi mübarizənin əsas mövzularından birinə çevrilib. Siyasi proseslərdə Rusiyayönlü qüvvələrin mövqeyi ilə Nikol Paşinyan hökumətinin xarici siyasət kursu arasındakı fərqlər daha aydın görünür. Xüsusilə Samvel Karapetyanın Rusiya ilə əlaqələrin və 102-ci hərbi bazanın qorunmasını müdafiə etməsi bu fikir ayrılığını gündəmə gətirir.
Mövzu ilə bağlı politoloq Züriyyə Qarayeva News365.az-a bildirib ki, ilk növbədə bu açıqlamaların Ermənistanda seçkidən sonra da davam edən daxili siyasi mübarizə fonunda səsləndiyini nəzərə almaq lazımdır.
Onun sözlərinə görə, Şirinyanın ritorikasında əsas xətt Rusiyanın Ermənistan daxilindəki mümkün təsir kanallarını bir-biri ilə əlaqələndirmək cəhdidir. Samvel Karapetyanın Rusiya ilə sıx əlaqələri və 102-ci hərbi bazanın saxlanmasını açıq şəkildə müdafiə etməsi onun siyasi mövqeyini Paşinyan hökumətinin xəttindən ciddi şəkildə fərqləndirir:

“Kilsənin bəzi nümayəndələrinin də bu kontekstdə gündəmə gətirilməsi siyasi qarşıdurmanın artıq yalnız partiyalar arasında deyil, ictimai nüfuza malik institutlar ətrafında da aparıldığını göstərir. Bununla yanaşı, həmin şəxslərin vahid xarici mərkəzdən idarə olunduğunu sübut edən açıq və qəti faktlar yoxdur. Buna görə belə ittihamlara siyasi iddia kimi yanaşmaq lazımdır. Məncə, burada əsas məsələ konkret şəxslərdən daha çox Ermənistanın gələcək geosiyasi kursunun hansı qüvvələr tərəfindən və hansı istiqamətdə formalaşdırılacağı uğrunda gedən mübarizədir”.
Politoloq hesab edir ki, Rusiyanın Ermənistandakı əvvəlki təsir səviyyəsinin müəyyən qədər zəiflədiyini göstərən əlamətlər var. Xüsusilə təhlükəsizlik sahəsində İrəvanın alternativ tərəfdaşlar axtarması bu tendensiyanı göstərir.
“Paşinyanın Rusiyanın 102-ci hərbi bazasını artıq Ermənistanın təhlükəsizliyi üçün həyati zərurət hesab etmədiyini bildirməsi siyasi diskursda mühüm dəyişiklikdir. Lakin Rusiyanın təsirinin zəifləməsi onun Ermənistandakı imkanlarının tamamilə aradan qalxması demək deyil. Moskvanın Ermənistanla iqtisadi münasibətləri, enerji əlaqələri, Rusiyada böyük erməni diasporunun mövcudluğu və uzun illər ərzində formalaşmış siyasi və təhlükəsizlik əlaqələri qalmaqdadır.
Ermənistan daxilində Rusiya ilə strateji münasibətlərin qorunmasını müdafiə edən siyasi qüvvələrin mövcudluğu da Moskva ilə əlaqələrin daxili siyasi dayaqlarının tam itmədiyini göstərir. Buna görə hazırkı vəziyyəti Rusiyanın Ermənistandan çıxması kimi deyil, onun əvvəlki dominant mövqeyinin mübahisələndirildiyi və münasibətlərin yeni modelinin formalaşdığı mərhələ kimi qiymətləndirmək daha dəqiq olar”, - deyə Qarayeva vurğulayıb.
“Karapetyanın Rusiyanın hərbi bazası ilə bağlı mövqeyi Ermənistan daxilində hansı siyasi xətti təmsil edir?” sualını cavablandıran politoloq bildirib ki, onun mövqeyi Ermənistanın təhlükəsizlik sistemində Rusiyanın rolunun saxlanmasını zəruri hesab edən yanaşmanı ifadə edir.
“Samvel Karapetyan açıq şəkildə bildirir ki, 102-ci Rusiya hərbi bazası Ermənistanın mövcud təhlükəsizlik sisteminin tərkib hissəsidir və alternativ yaradılmadan bu elementdən imtina edilməsini məqsədəuyğun saymır. Bu yanaşma Paşinyan hakimiyyətinin təhlükəsizlik əlaqələrini şaxələndirmək siyasəti ilə ciddi şəkildə ziddiyyət təşkil edir.
Eyni zamanda Karapetyanın mövqeyi Ermənistan cəmiyyətində daha fundamental bir sualı ortaya çıxarır: ölkənin təhlükəsizliyi bundan sonra hansı beynəlxalq tərəfdaşlıq sistemi üzərində qurulmalıdır?
Bu səbəbdən Rusiya hərbi bazası ətrafındakı mübahisə sadəcə hərbi obyektin qalıb-qalmaması məsələsi deyil, Ermənistanın gələcək geosiyasi istiqaməti ilə bağlı debatın simvoluna çevrilib. Qarşıdakı dövrdə də bu məsələnin həm hakimiyyət, həm də müxalifət tərəfindən daxili siyasi mübarizədə istifadə ediləcəyi gözləniləndir”, - deyə o bildirib.
Ermənistanın Avropa istiqamətində daha fəal siyasətinin Rusiya ilə münasibətlərin tam qırılmasına gətirib çıxara biləcəyi ehtimalına toxunan Qarayeva bildirib ki, rəsmi İrəvanın Avropa istiqamətində fəallaşması avtomatik olaraq Moskva ilə bütün münasibətlərin kəsilməsi demək deyil.
Onun sözlərinə görə, iki ölkə arasında uzun illər ərzində formalaşmış çoxşaxəli əlaqələr mövcuddur. İrəvanın qarşısında duran əsas məsələ Qərblə yaxınlaşmanı Rusiya ilə iqtisadi, enerji və təhlükəsizlik əlaqələrinin reallıqları ilə uzlaşdırmaqdır.
“Karapetyan da Ermənistanın Avropa İttifaqına inteqrasiya prosesi ilə Avrasiya İqtisadi İttifaqında qalması arasında seçimi uzun müddət təxirə sala bilməyəcəyini bildirib.
Buna görə Ermənistanın xarici siyasətində əsas mübahisə təkcə “Rusiya, yoxsa Qərb” formulundan ibarət deyil, müxtəlif istiqamətlər arasında hansı balansın yaradılacağı ilə bağlıdır. Moskva üçün də Ermənistanın Qərblə yaxınlaşması regiondakı ənənəvi təsir imkanlarının azalması məsələsini gündəmə gətirir və Rusiya bu prosesə öz maraqları çərçivəsində reaksiya verir”, - deyə politoloq əlavə edib.