Bakıdan Tehrana mühüm mesaj: “Azərbaycan ərazisindən təhlükə gözləməyin”

Bakıdan Tehrana mühüm mesaj: “Azərbaycan ərazisindən təhlükə gözləməyin”
14:10

Azərbaycanla İran arasında münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyi son dövrlərdə regiondakı geosiyasi proseslərin fonunda xüsusi diqqət çəkir. İki ölkə arasında müəyyən fikir ayrılıqları və qarşılıqlı narahatlıq doğuran məsələlər qalsa da, Bakı münasibətlərin gərginlik müstəvisinə keçməsində maraqlı olmadığını müxtəlif platformalarda nümayiş etdirir. Bu baxımdan Baş nazirin müavini Şahin Mustafayevin Tehranla əlaqələrin gərginləşməsinə imkan verilməyəcəyi barədə açıqlaması da diqqətçəkən siyasi mesaj kimi qiymətləndirilir.

Politoloq Yusif Bağırzadə hesab edir ki, Şahin Mustafayevin açıqlamasını yalnız diplomatik protokol çərçivəsində nəzərdən keçirmək düzgün olmazdı. Onun fikrincə, bəyanatın verildiyi zaman və ifadə olunan mövqe həm İrana, həm də regionda proseslərə təsir göstərən digər tərəflərə müəyyən mesajlar ehtiva edir.


Politoloq bildirib ki, açıqlamanın əsas ünvanlarından biri Tehrandır:

“Azərbaycanın mövqeyi uzun müddətdir aydındır. Bakı öz ərazisinin İrana qarşı hər hansı hərbi məqsədlə istifadəsinə imkan verilməyəcəyini dəfələrlə bəyan edib. Bu baxımdan Şahin Mustafayevin səsləndirdiyi fikirlər Tehrana Azərbaycanın ərazisindən İrana qarşı hər hansı təhlükənin formalaşmasına yol verilməyəcəyi barədə növbəti siyasi təminat kimi qəbul edilə bilər.

Hazırda Bakı ilə Tehran arasında münasibətlərdə qarşılıqlı etimad məsələsi xüsusi əhəmiyyət daşıyır. Son dövrlərdə Azərbaycan ərazisinin İrana qarşı istifadə olunması ilə bağlı səsləndirilən iddialar da rəsmi Bakı tərəfindən narahatlıq doğuran məqam kimi qiymətləndirilib. Bu səbəbdən Azərbaycanın mövqeyinin yenidən və açıq şəkildə ifadə olunması təsadüfi deyil”.

Y.Bağırzadənin sözlərinə görə, mesajın digər mühüm istiqaməti İranın siyasi və təhlükəsizlik strukturlarına aiddir. O qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin Tehranda keçirdiyi təmaslar yalnız siyasi rəhbərliklə görüşlə məhdudlaşmayıb:

“Azərbaycan nümayəndə heyəti İranın təhlükəsizlik, enerji və nəqliyyat sahələrinə cavabdeh olan yüksək səviyyəli rəsmilərlə də müzakirələr aparıb. Bu məqam göstərir ki, Bakı Tehranla münasibətlərin yalnız siyasi müstəvidə deyil, təhlükəsizlik və iqtisadi istiqamətlərdə də sabit qalmasında maraqlıdır”.

Politoloq hesab edir ki, Şahin Mustafayevin açıqlaması regional auditoriyaya da hesablanıb. Onun fikrincə, Azərbaycan bununla Bakı ilə Tehran arasında mövcud fikir ayrılıqlarının qarşıdurmaya çevrilməsinin arzuolunmaz olduğunu nümayiş etdirir.

“Azərbaycan faktiki olaraq bildirir ki, iki ölkə arasında müəyyən məsələlər üzrə fərqli mövqelər mövcud olsa da, bu fikir ayrılıqlarının açıq qarşıdurmaya çevrilməsi tərəflərin maraqlarına cavab vermir. Xüsusilə regionda təhlükəsizlik risklərinin və ABŞ-İran qarşıdurması ətrafında gərginliyin yüksək olduğu bir vaxtda bu mövqe daha böyük əhəmiyyət qazanır.

İranın diplomatik gündəliyində də regional gərginliyin azaldılması və qonşu ölkələrlə münasibətlərin qorunması məsələləri mühüm yer tutur”.

Y.Bağırzadə açıqlamanın başqa dövlətlərə ünvanlanan dolayı mesaj kimi də nəzərdən keçirilə biləcəyini deyib:

“Burada konkret olaraq hansı dövlətin nəzərdə tutulduğunu söyləməkdən söhbət getmir. Əsas məqam Azərbaycanın öz ərazisi və xarici siyasəti ilə bağlı mövqeyini ortaya qoymasıdır. Bakı nümayiş etdirir ki, Azərbaycan-İran münasibətlərinin başqa dövlətlər arasındakı regional qarşıdurmaların təsirinə düşməsini və hər hansı qarşıdurmanın alətinə çevrilməsini istəmir”.

Politoloq iqtisadi və nəqliyyat məsələlərinin də bu kontekstdə diqqətdən kənarda qalmadığını vurğulayıb. Onun sözlərinə görə, İran Prezidenti Məsud Pezeşkianla görüşlərdə ticarət, enerji, nəqliyyat və kommunikasiya layihələrinin inkişafı ilə bağlı məsələlərin müzakirə edilməsi münasibətlərin praktiki istiqamətlərinin də ön planda olduğunu göstərir.

“Pezeşkianın Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini və iki ölkə arasında nəqliyyat əlaqələrinin genişləndirilməsini vurğulaması da bu baxımdan əhəmiyyətlidir”.

Y.Bağırzadə hesab edir ki, Şahin Mustafayevin açıqlamasında bir neçə istiqamət üzrə mesajı görmək mümkündür:

“Birinci mesaj Tehrana yönəlib və Azərbaycanın düşmənçilik niyyətində olmadığını göstərir. İkinci mesaj İranın təhlükəsizlik və siyasi dairələrinə ünvanlanaraq qarşılıqlı etimadın qorunmasının vacibliyini ortaya qoyur. Digər tərəfdən isə regiondakı aktorlara Azərbaycanın Bakı-Tehran münasibətlərinin xarici qarşıdurmaların təsiri altında gərginləşdirilməsində maraqlı olmadığı nümayiş etdirilir”.


Sizin reklam burada
Sizin reklam burada