107 yaşını qeyd etdiyi gün dünyasını dəyişən Puerto-Rikolu sosial media fenomeni Mariya Morales Tiradonun ölümü ailəsini və onu sosial şəbəkələrdə izləyən minlərlə insanı kədərləndirib.
Onlayn platformalarda “Mami” adı ilə tanınan Morales Tirado sentyabrın 28-də, məhz 107-ci doğum günündə vəfat edib. Onun ölümünü oğlu Toni Morales sosial şəbəkədə elan edib.
“Bu gün heç bir övladın yazmaq istəmədiyi sözləri yazıram. Mami 107 yaşını tamamladığı gün dünyasını dəyişdi. Həyatımız boyunca onun varlığının başlanğıcı kimi qeyd etdiyimiz tarix həm də onunla vidalaşdığımız gün oldu”, - deyə oğlu paylaşımında bildirib.
Mariya Morales Tirado sosial şəbəkələrdə geniş populyarlıq qazanmışdı. Onun “Mami is my Attitude 4 a Lifestyle” adlı “Facebook” səhifəsini 200 mindən çox insan izləyirdi.
Oğlu səhifə vasitəsilə Puerto-Rikonun Yabukoa şəhərində yaşayan anasının gündəlik həyatından görüntülər və məlumatlar paylaşırdı.
Toni Morales anasının yaşının çox olmasına baxmayaraq ailə üçün hər zaman xüsusi dayaq olduğunu bildirib.
“107 yaşında olsa da, saçlarımız ağarsa, övladlarımız və nəvələrimiz olsa belə, Maminin hələ də yanımızda olduğunu bilmək bizə təhlükəsizlik hissi verirdi. Həmişə daha bir gün, daha bir söhbət, daha bir təbəssüm və heç vaxt sonuncu olmayacağını düşündüyümüz bir qucaqlaşma istəyirik”, - deyə o yazıb.
Onun sözlərinə görə, anasının son illərində fiziki gücü azalsa da, ailəsinə öyrətdikləri heç vaxt tükənməyib.
“Mami bizə göstərdi ki, güc bəzən sadəcə bir gün daha gözləri açmaq, bir səsi tanımaq, əl sıxmaq və ya bizə kiçik bir təbəssüm bəxş etməkdir”, - deyə Morales qeyd edib.
Mariya Morales Tirado 14 övlad, 48 nəvə, 71 nəticə və 28 kötük qoyub.
Oğlunun sözlərinə görə, Maminin xatirəsi ailənin danışığında, adətlərində, ondan öyrəndikləri yemək reseptlərində və gələcək nəsillərə danışacaqları hekayələrdə yaşamağa davam edəcək.
“Belə bir hədiyyəni çox az ailə alır. Bu gün göz yaşları qaçılmaz olsa da, onların hər birinin arxasında bir hekayə, bir xatirə və dərin minnətdarlıq var”, - deyə Toni Morales paylaşımında vurğulayıb.