Uşaqların törətdiyi cinayətlər ciddi problemə çevrilir. Son zamanlar Türkiyədə və hətta bizdə də bunun şahidi oluruq. Müasir uşaqlara, onların tərbiyəsinə ailə və məktəbdən daha çox sosial şəbəkələr təsir edir. Və bunun qarşısını almaqda acizik.
Nə edək? Uşaqlara İnternetdən istifadəsinə tam qadağa qoyaq? Axı İnternet həmçinin güclü təhsil, bilik alətidir. Həm də qadağanı real tətbiq etmək mümkündürmü?
Məsələyə münasibət bildirən hüquqşünas Əkrəm Həsənov deyir ki, müasir elm deyir ki, cinsi yetkinliyin başlanması (pubertat) yaşı kəskin enib:
"Məsələn, qızlarda aybaşı XIX əsrdə 17 yaşda, XX əsrdə 11-12 yaşda, indi isə hətta 8-9 yaşda başlayır. Səbəb qidalanma və ümumi sağlamlıq səviyyəsinin yaxşılaşmasıdır. Yəni fizioloji cəhətdən uşaqlar indi doğrudan da tez böyüyürlər. Vaxtilə 18 yaşın yetkinlik kimi təsbit edilməsi məhz bu göstəriciyə bağlı idi. İndi nə edək: yetkinlik yaşını endirək? Axı bir tərəfdən doğrudanda o cümlədən sosial şəbəkələrin və müasir şou-biznesin təsiri altında uşaqların cinsi həyata başlaması (və bu sahədə bilik əldə etmələri) da tezləşib.
Lakin elə həmin elm də deyir ki, beynin neyrobioloji yetkinlik yaşı 25-dir! Bəziləri deyir ki, əvvəllər bu yaş aşağı idi: təxmini 18-20. Digərləri isə deyir ki, elə həmişə 25 olub, sadəcə elm bunu yalnız indi müəyyən edib. Fərqi yoxdur: əqli baxımdan yetkinlik yaşı 25-dir! Başqa sözlə, yalnız bu yaşdan etibarən insan özünü və əməllərini tam dərk etməyə başlayır. Təsadüfi deyil ki, ABŞ və Avropada 25 yaşa qədər avtomobil icarəsi daha bahalıdır: yol-nəqliyyat hadisələrinin statistikası bu yaşa qədər sürücülərin təhlükəli olduğunu göstərir.
Beləliklə, müasir dünya çox təhlükəli dilemma qarşısında qalıb: insan fizioloji baxımdan 18 yaşdan daha tez, əqli baxımdan daha gec yetkinləşir. Yəni ədalət baxımdan 25 yaşadək cinayət məsuliyyəti yumşaldılmalıdır, çünki şəxs hələ öz əməllərini tam dərk etmir, özünü tam idarə etmir. Lakin yumşaltma olsa, cinayətlərin sayı kəskin arta bilər. Digər tərəfdən, nikah yaşı problemi də var. Bizdə tez-tez erkən (18 yaşadək) nikahların mənfi təsirindən danışılır. Sanki 18 yaşdan sonrakı nikah erkən deyil! O da erkəndir! 25 yaşadək qurulan ailələr buna görə tez dağılır. İndi nə edək: nikah yaşını da artıraq? Bir tərəfdən, indi nikaha təxmini 30 yaşda daxil olmaq dəbə düşüb. Amma digər tərəfdən, faktiki cinsi həyat yaşı da enib axı... Mənz bu problemin necə həll olunmasını bilmirəm. Amma insan kimi, ata kimi, hüquqşünas kimi ona göz də yuma bilmirəm".