Ərdoğanın Əliyevə zənginin pərdəarxası: Ankara Bakıya nə demək istəyir?

Ərdoğanın Əliyevə zənginin pərdəarxası: Ankara Bakıya nə demək istəyir?
16:22

Azərbaycan-Türkiyə münasibətlərində yaranan gərginlik fonunda iki ölkə prezidentinin telefon danışığı diqqət mərkəzinə düşüb. Ankara ilə Bakı arasında siyasi təmasların davam etməsi müsbət addım kimi qiymətləndirilsə də, Türkiyədə son həftələr Azərbaycana qarşı səsləndirilən ittihamlar və keçirilən aksiyalarla bağlı suallar hələ də açıq qalır.

Politoloq Turan Rzayev hesab edir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi mühüm hadisədir, lakin yaranmış narahatlıqların aradan qaldırılması üçün təkcə telefon danışığı kifayət etmir.


O, bu barədə fikirlərini bölüşərkən bildirib ki, Bakıda belə bir telefon danışığı gözlənilirdi. Bunun əsas səbəblərindən biri Azərbaycanın məktəblərdə vahid məktəbli forması ilə bağlı qərarından sonra Türkiyədə bəzi siyasi qrupların, şəxslərin və media subyektlərinin sərt reaksiyası, eləcə də Azərbaycan əleyhinə səsləndirilən fikirlər olub.

Politoloqun sözlərinə görə, Türkiyədə başlayan müzakirələr zamanla sosial şəbəkələrdəki mübahisələrdən kənara çıxaraq Azərbaycanın dövlətinə, xalqına və rəhbərliyinə qarşı təhqiramiz ifadələrin işlədilməsi ilə müşayiət olunub. Ankarada və İstanbulda Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında altı aksiyanın keçirilməsi də Azərbaycan cəmiyyətində narazılıq yaradıb.

Turan Rzayev qeyd edib ki, prezidentlərin telefon danışığı zamanı ikitərəfli münasibətlərin, eləcə də regional və qlobal məsələlərin müzakirə olunması diqqətəlayiqdir. Ərdoğanın Azərbaycan-Türkiyə əməkdaşlığının gələcəkdə daha yüksək səviyyəyə çatacağına əminliyini ifadə etməsi münasibətlərin inkişafı baxımından müsbət mesajdır.

Bununla belə, politoloq hesab edir ki, son hadisələrin səbəbləri və qarşısının niyə daha erkən alınmadığı barədə suallar cavablandırılmalıdır.

“Türkiyədəki kampaniyanın arxasında kimlərin dayandığı araşdırılmalıdır”

Turan Rzayevin fikrincə, Azərbaycana qarşı kampaniyada hakim Ədalət və İnkişaf Partiyasına (AKP) yaxınlığı ilə tanınan bəzi şəxslərin və qrupların adının hallanması məsələyə siyasi həssaslıq qazandırır. O hesab edir ki, bu prosesdə iştirak edən şəxslərin kimliyi, məqsədləri və fəaliyyətlərinin hansı maraqlara xidmət etdiyi aydınlaşdırılmalıdır.

Politoloq, xüsusilə, kampaniyada adı hallanan Saral və digər şəxslərin roluna aydınlıq gətirilməsinin vacibliyini vurğulayıb.

Onun qənaətinə görə, Türkiyə tərəfinin baş verənlərə vaxtında və daha aydın münasibət bildirməsi mümkün idi. Azərbaycan rəhbərliyinə qarşı təhqirlərin artdığı və diplomatik nümayəndəliklər qarşısında aksiyaların keçirildiyi bir vaxtda daha erkən addımların atılması iki ölkənin münasibətlərinə dəyən zərərin qarşısını ala bilərdi.

Rzayev vurğulayıb ki, bu sualların qaldırılması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın telefon danışığının əhəmiyyətini azaltmaq məqsədi daşımır. Əksinə, strateji müttəfiqlər arasında münasibətlərin qorunması üçün yaranan problemlərin açıq şəkildə müzakirəsi vacibdir.

Dövlət Baxçalının mövqeyinə diqqət çəkdi

Politoloq Türkiyədə Azərbaycana qarşı səsləndirilən fikirlərə münasibətdə fərqli mövqelərin olduğunu da qeyd edib. Onun sözlərinə görə, siyasi tənqid və fikir ayrılığı normal olsa da, bunların dövlətə və xalqa qarşı təhqirlərə çevrilməsi qəbuledilməzdir.

Turan Rzayev bu baxımdan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının mövqeyinə xüsusi diqqət çəkib. O, Baxçalının hadisələrə uzlaşdırıcı yanaşdığını və yaranmış gərginliyin təkcə Azərbaycan-Türkiyə münasibətlərinə deyil, Türk Dövlətləri Təşkilatına da təsir göstərə biləcəyini vurğuladığını bildirib.

Politoloq şəxsi qənaətini ifadə edərək, Ərdoğanın İlham Əliyevə telefon zənginin arxasında Dövlət Baxçalının da rolunun ola biləcəyini istisna etməyib. Bununla belə, bu ehtimalı təsdiqləyən rəsmi məlumat təqdim etməyib.

Rzayevin fikrincə, Türkiyədəki siyasi və ictimai çevrələrin bir hissəsi Azərbaycanla münasibətlərin pozulmasından narahatdır və iki ölkə arasında əlaqələrin qorunmasını vacib sayır.

Sonda politoloq bildirib ki, yaranmış narazılıqların aradan qaldırılması üçün baş verənlərə aydın münasibət bildirilməli, səsləndirilən iddialar araşdırılmalı və gələcəkdə oxşar halların qarşısını almaq üçün siyasi iradə nümayiş etdirilməlidir. Əks halda, mövcud hadisələr gələcəkdə iki ölkə arasında yarana biləcək gərginliklər zamanı yenidən gündəmə gələ bilər.


Sizin reklam burada
Sizin reklam burada