Yasamal rayonu, Şərifzadə küçəsi 33 ünvanında yerləşən 18 mərtəbəli yaşayış binasının sakinlərinin binanın altında fəaliyyət göstərən “Nimçə Lounge” obyekti ilə bağlı üzləşdiyi problemlə bağlı daxil olan şikayət öz həllini tapıb.
News365.az xəbər verir ki, mətbuatda işıqlandırılan xəbərdən sonra sözügedən ünvanda vətəndaşları narahat edən məişət səs-küyü və neqativ halların aradan qaldırılması məqsədilə polis əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalar nəticəsində iaşə obyektinin icarədarı barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati tənbeh tədbiri tətbiq olunub.
Xatırladaq ki, bundan əvvəl saytımızda dərc olunan materialda bina sakini mənzilinin tam altında fəaliyyət göstərən obyektdə səs və tüstü izolyasiyasının olmadığını, gecə saatlarınadək davam edən səs-küy və qəlyan qoxusu səbəbindən mənzildə yaşamağın dözülməz həddə çatdığını bildirmişdi.