Azərbaycanda qiymətləndirmə
standartlarının hazırlanması ilə bağlı müzakirələr gündəmdədir. Bu sahədə
standartlaşdırma işləri AZSTAND və onun nəzdində fəaliyyət göstərən TK 54 –
“Qiymətləndirmə fəaliyyəti” üzrə Texniki Komitə çərçivəsində aparıldığı halda,
Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) da qiymətləndirmə standartlarının
hazırlanması istiqamətində fəaliyyət göstərdiyini bəyan edir. Məsələ ilə bağlı
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədrinin
müşaviri, AZSTAND/TK 54 – “Qiymətləndirmə fəaliyyəti” üzrə Texniki Komitəsinin
üzvü, beynəlxalq idarəetmə standartları üzrə mütəxəssis Asif İbrahimov məsələyə
aydınlıq gətirib.
O, bildirib ki, qiymətləndirmə
standartları ayrı-ayrı qurumların deyil, milli sistemin prinsipləri əsasında
hazırlanmalıdır.
Mütəxəssisin sözlərinə görə,
“Standartlaşdırma haqqında” Qanuna əsasən, dövlət standartlarının qəbulu Azərbaycan
Standartlaşdırma İnstitutunun (AZSTAND) səlahiyyətlərinə aiddir:
“Buna görə də hər hansı qurumun
standart layihəsi hazırlaması həmin sənədin avtomatik olaraq dövlət standartı
statusu alması demək deyil. Azərbaycanda standartların hazırlanması müəyyən
edilmiş prosedurlara uyğun aparılır. Layihələr milli standartlaşdırma proqramı
çərçivəsində nəzərdən keçirilir, texniki komitələrdə hazırlanır, ictimai
müzakirəyə çıxarılır və müvafiq qaydada qəbul edilir. Bu yanaşma vahid
metodologiyanın və obyektivliyin qorunmasına xidmət edir”.
Texniki Komitənin üzvü hesab edir ki,
qiymətləndirmə standartları hazırlanarkən maraqların toqquşması məsələsinə də
diqqət yetirilməlidir:
“Qiymətləndirmə xidmətləri göstərən
qurumların öz fəaliyyətlərinə təsir edən standartların hazırlanmasında iştirakı
zamanı şəffaflıq və rəqabət bərabərliyi qorunmalıdır. İstənilən assosiasiya və
ya şirkət standart layihələri hazırlaya, metodiki təkliflər verə bilər. Lakin
bu, həmin quruma qanunvericiliklə müəyyən edilməyən səlahiyyətlər qazandırmır.
Standartlar ayrı-ayrı qurumların deyil, bütövlükdə bazarın və xidmət
istehlakçılarının maraqlarını nəzərə almalıdır”.
Asif İbrahimov bildirib ki, qiymətləndirmə
sahəsində AZSTAND/TK 54 – “Qiymətləndirmə fəaliyyəti” üzrə Texniki Komitə
mövcuddur:
“Komitədə dövlət qurumlarının, maliyyə
sektorunun, ali təhsil müəssisələrinin və elmi-pedaqoji heyətin nümayəndələrinin
təmsil olunması məsələyə müxtəlif tərəflərdən yanaşmağa imkan verir.
Qiymətləndirmə standartlarının hazırlanması
AZSTAND-ın prosedurları və 54 satlı texniki komitənin 2025–2027-ci illər üzrə fəaliyyət
planı çərçivəsində əlaqələndirilməlidir. Azərbaycan Qiymətləndiricilər Palatası
(AQP) da daxil olmaqla, bütün maraqlı tərəflər öz təkliflərini bu mexanizm
vasitəsilə təqdim edə bilərlər”.
Asif İbrahimovun fikrincə, əsas məsələ
standartların hansı qurum tərəfindən təşəbbüs kimi hazırlanmasından daha çox,
onların qanunvericiliyə uyğun, şəffaf və vahid milli standartlaşdırma sistemi çərçivəsində
qəbul edilməsidir.
News365.az