Türkiyə-Azərbaycan münasibətlərində gərginlik: Baxçalıdan fərqli mövqe, AKP-yə tənqidlər

Türkiyə-Azərbaycan münasibətlərində gərginlik: Baxçalıdan fərqli mövqe, AKP-yə tənqidlər
12:38

Azərbaycan və Türkiyə arasında münasibətlərin möhkəmliyi yalnız rəsmi bəyanatlarla deyil, gərginlik yaranan vaxtlarda nümayiş etdirilən mövqe ilə də ölçülür. Son günlər iki ölkə arasında müzakirələrə səbəb olan məsələlər fonunda Türkiyədən səslənən fərqli açıqlamalar diqqət çəkir. Xüsusilə Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının münasibətlərin qorunmasına dair çağırışları siyasi müzakirələrdə ön plana çıxıb.

Politoloq Turan Rzayev News365.az-a açıqlamasında Türkiyə-Azərbaycan münasibətlərində yaranan gərginliyi şərh edib. O bildirib ki, Türkiyədən gələn müsbət mesajlar əhəmiyyətlidir və mövcud mübahisələr iki dövlət arasındakı dostluğa xələl gətirməməlidir.


Politoloqun sözlərinə görə, Azərbaycan Türkiyəni düşmən hesab etmir və iki ölkə arasındakı müttəfiqlik münasibətləri davam edir. Onun fikrincə, əsas problemlərdən biri Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasına (AKP) yaxınlığı ilə tanınan bəzi sosial şəbəkə fəallarının Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə qarşı hücumlarıdır.

Oktay Saralın açıqlaması gərginliyi artırdı

Turan Rzayev bildirib ki, münasibətlərdə gərginliyin artdığı bir vaxtda Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın və MHP sədri Dövlət Baxçalının açıqlamaları xüsusi diqqətini çəkib.

Oktay Saralın Azərbaycanda hicablı tələbələrin təhsil hüququ ilə bağlı səsləndirdiyi fikirlərin vəziyyəti daha da gərginləşdirdiyini deyən politoloq, bu açıqlamadan sonra Yeni Azərbaycan Partiyasının da rəsmi münasibət bildirdiyini xatırladıb.

Turan Rzayevin fikrincə, Dövlət Baxçalı isə tərəflər arasında münasibətlərin qorunmasına yönələn, daha uzlaşdırıcı mövqe nümayiş etdirib.

“Dövlətlərarası münasibətlər gündəlik siyasi mübahisələrdən üstün olmalıdır”

Politoloq qeyd edib ki, Türkiyə siyasətində uzun illər fəaliyyət göstərən Dövlət Baxçalı böyük siyasi təcrübəyə malikdir. MHP-nin hakimiyyət koalisiyasında mühüm mövqeyə sahib olması isə onun açıqlamalarının siyasi əhəmiyyətini artırır.

Turan Rzayev hesab edir ki, Baxçalının mövqeyini yalnız şəxsi yanaşma kimi qiymətləndirmək düzgün olmaz. Onun fikrincə, bu açıqlamalar Türkiyə-Azərbaycan münasibətlərinin strateji əhəmiyyətinə diqqət çəkir.

“Yəni siyasi ittifaqlar dəyişə, gündəlik maraqlar fərqlənə bilər, lakin dövlətlərarası münasibətlərin təməlində duran strateji prinsiplər bunlardan asılı vəziyyətə düşməməlidir. Mənə görə, Baxçalının açıqlamalarında əsas vurğu da məhz bu prinsipə yönəlmişdi”, – politoloq bildirib.

O əlavə edib ki, MHP sədrinin müxtəlif vaxtlarda Azərbaycanla bağlı səsləndirdiyi fikirlər onun iki ölkə arasındakı münasibətlərə yalnız cari siyasi mübahisələr çərçivəsində yanaşmadığını göstərir.

Baxçalıdan türk dünyasına mesaj

Turan Rzayev Dövlət Baxçalının Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə səsləndirdiyi təbrikə də diqqət çəkib. MHP sədri həmin müraciətində Azərbaycanın sevinc və kədərinin Türkiyə üçün də eyni məna daşıdığını vurğulayıb.

Politoloqun qənaətinə görə, bu fikirlər sadəcə diplomatik nəzakət ifadəsi deyil, iki ölkə arasındakı münasibətlərin hansı prinsiplər üzərində qurulmalı olduğuna dair siyasi mesajdır.

Baxçalının türk dünyası ölkələri arasındakı münasibətlərə dair çağırışını da şərh edən Turan Rzayev onun Azərbaycanla digər türk dövlətləri arasında qardaşlıq əlaqələrinin qorunmasının vacibliyini vurğuladığını bildirib.

MHP sədri türk dünyası ölkələri arasında münasibətlərə xələl gətirə biləcək addımlara yol verilməməsinin vacibliyini qeyd edib.

Turan Rzayev hesab edir ki, Azərbaycan-Türkiyə münasibətlərində ictimai səviyyədə qarşılıqlı ittihamların artması yalnız iki ölkəyə təsir göstərməyəcək. Bu proses Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığa, regional təhlükəsizliyə, ortaq iqtisadi layihələrə və siyasi həmrəyliyə də mənfi təsir edə bilər.

TDT-nin Zirvə görüşü münasibətlərin gələcəyi baxımından əhəmiyyətlidir

Politoloq qarşıdakı Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün də münasibətlərin gələcək istiqamətini qiymətləndirmək baxımından mühüm olacağını bildirib.

Onun fikrincə, görüşədək Türkiyədəki hakim siyasi dairələrin mövqeyinin yumşalması və sosial şəbəkələrdə Azərbaycan əleyhinə hücumların dayanması müsbət nəticələr üçün zəmin yarada bilər.

Turan Rzayev vurğulayıb ki, Zirvə görüşündə dövlət və hökumət başçılarının iştirakı, eləcə də müzakirə olunacaq məsələlər türk dövlətləri arasındakı münasibətlərin gələcək perspektivləri barədə müəyyən təsəvvür yaradacaq.

Politoloqun qənaətinə görə, Azərbaycan-Türkiyə münasibətlərinin qorunması üçün qarşılıqlı hörmət, dövlətlərin suveren qərarlarına yanaşmada həssaslıq və ortaq strateji maraqlar əsas götürülməlidir.


Sizin reklam burada
Sizin reklam burada