Kitabxanadan Nobelə uzanan yol: İki yazıçının həyatını dəyişən kitab sevgisi

Kitabxanadan Nobelə uzanan yol: İki yazıçının həyatını dəyişən kitab sevgisi
15:23

Kitab insanın həyatını dəyişə, dünyagörüşünü formalaşdıra və ona yeni imkanlar aça bilər. Lakin kitabın mövcudluğu heç də hər kəs üçün əlçatan olduğu anlamına gəlmir. Nobel mükafatçısı iki qadın yazıçının həyat hekayəsi də mütaliənin əhəmiyyətini və kitab əldə etmək imkanlarının cəmiyyətin inkişafındakı rolunu bir daha ortaya qoyur.

Təhsil eksperti Etibar Əliyev bu barədə paylaşımında 1991-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş Cənubi Afrika yazıçısı Nadin Qordimerin və 2007-ci ildə eyni mükafatı qazanan Doris Lessinqin kitablarla bağlı fikirlərini diqqətə çatdırıb.

Qordimer Nobel mükafatına dəyərli və vicdanlı ədəbi yaradıcılığına görə layiq görülüb. Yazıçı yaradıcılığında irqçilik, ayrı-seçkilik və sosial bərabərsizlik məsələlərinə xüsusi yer ayırıb.

1963-cü ildə ABŞ-a səfəri zamanı ölkəsində müşahidə etdiyi irqçi münasibətlərin oxşarını orada da gördüyünü bildirən Qordimer səfər təəssüratlarında qanunlar fərqli olsa da, insanların üzləşdiyi vəziyyətlərin bir-birinə bənzədiyini yazıb.

Yazıçı “Qiymətli söz” essesində isə kitab əldə etmək imkanlarının onun həyatındakı rolundan bəhs edib. O, kasıb ailədə böyüdüyü üçün oxumağa kitab tapmaqda çətinlik çəkdiyini, qəsəbə kitabxanasının mövcudluğunun gələcəkdə yazıçı olmasında mühüm rol oynadığını vurğulayıb. Qordimer qeyd edib ki, qaradərili olsaydı, irqçi ayrı-seçkilik səbəbindən həmin kitabxanaya belə gedə bilməzdi.

O, Cənubi Afrikada senzuranın aradan qaldırılmasını ədəbiyyatın tam azadlığı üçün kifayət hesab etmirdi. Yazıçı zəif nəşriyyatları, maliyyə çətinliklərini, savadsızlığı, kitabxana və məktəblərin çatışmazlığını cəmiyyətin inkişafına mane olan əsas problemlər sırasında göstərirdi.

Doris Lessinq: İnsanlar hər yerdə kitab oxumaq istəyir

2007-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən britaniyalı yazıçı Doris Lessinq də kitabların insan həyatındakı əhəmiyyətinə diqqət çəkib. O, kənd yerlərində yaşayan insanların mütaliəyə marağından və onların kitablara çıxış imkanlarının məhdudluğundan danışıb.

Lessinq kəndlərə kitab çatdırmaq məqsədilə fəaliyyət göstərən təşkilatın üzvü olduğunu bildirərək, Zimbabvedə apardığı müşahidələrdən bəhs edib. Onun sözlərinə görə, kəndlərdə yaşayan insanlar da Avropadakı oxucular kimi romanlara, elmi fantastikaya, poeziyaya, detektiv əsərlərə, dramaturgiyaya və müxtəlif praktiki mövzularda yazılmış kitablara maraq göstərirlər.

Yazıçı vurğulayıb ki, kənd sakinlərinin əsas problemlərindən biri oxumaq istədikləri kitabların mövcudluğundan xəbərsiz olmalarıdır. Bəzi əsərlərin geniş yayılması isə onların oxucular üçün əlçatan olması ilə bağlıdır.

Lessinqin diqqət çəkdiyi başqa bir hadisə isə Zimbabvedə yaşayan bir yazıçının oxumağı necə öyrənməsi ilə bağlıdır. Həmin şəxs uşaqlıqda mürəbbə bankalarının və konservləşdirilmiş məhsulların üzərindəki etiketləri oxumağa çalışıb. Daha sonra zibillikdə tapdığı uşaq ensiklopediyasının köməyi ilə müstəqil şəkildə oxumağı öyrənib.

Bu hekayə kitabın və mütaliənin insan həyatında nə qədər mühüm rol oynaya biləcəyini göstərir. Eyni zamanda, təhsilə və kitablara çıxış imkanlarının hər kəs üçün əlçatan olmasının əhəmiyyətini bir daha xatırladır.

Etibar Əliyevin paylaşdığı bu fikirlər kitab sərgisi ərəfəsində mütaliənin əhəmiyyətini, kitabxanaların rolunu və insanların kitablara çıxış imkanlarının genişləndirilməsinin vacibliyini gündəmə gətirir.


Sizin reklam burada
Sizin reklam burada