Milli Məclisdə Paşinyan müzakirəsi: Kim nə dedi? - YENİLƏNDİ

Milli Məclisdə Paşinyan müzakirəsi: Kim nə dedi? - YENİLƏNDİ
13:22
Milli Məclisin bu gün keçirilən iclasında bir neçə deputat Ermənistanın Baş naziri Nikol Paşinyanın oktyabrın 22-də səsləndirdiyi fikirlərə münasibət bildirib.

News365.az-ın xəbərinə görə, deputat Azay Quliyev deyib ki, N.Paşinyanın bəyanatları çox mürəkkəb və ziddiyyətlidir.

593419

“O, gah ölkədəki siyasi rəqiblərini hədələyir ki, əgər referendumla bağlı qərar verməsəniz, növbədənkənar seçki keçirə bilərik. Gah da sülh sazişinin 2031-ci ildə imzalanacağını deyir. Daha sonra isə sənədin 2027-2028-ci illərdə imzalanacağı bəyan edir”, - A.Quliyev söyləyib.

O vurğulayıb ki, Ermənistan rəhbərliyi bu qədər qeyri-stabil siyasət həyata keçirməklə çox böyük səhvə yol verir: “Ümumiyyətlə, sual yaranır: biz Ermənistana inanmalıyıqmı? Yaxud, konkret olaraq hakimiyyətdə olan Nikol Paşinyanın verdiyi bəyanatlar nə qədər etibarlıdır? Mənə elə gəlir ki, o qədər etibarlı deyil”.

Deputat qeyd edib ki, Azərbaycanın şərtləri, o cümlədən konstitusiya dəyişiklik edilmədən Ermənistanla normallaşma prosesi mümkün olmayacaq.

Deputat Rizvan Nəbiyev isə deyib ki, Cənubi Qafqaz regionunda sülhün qorunması üçün Ermənistan konstitusiyasını dəyişməlidir.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, regionda sülh kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır.

593420

O qeyd edib ki, rəsmi Bakı bu sülhün fundamental hüquqi təminatlarla möhkəmləndirilməli olduğunu vurğulayır:

“Ermənistan öz konstitusiyasının preambulasında Azərbaycana qarşı yaradılmış ərazi iddialarını aradan qaldırmalı və sülh müqaviləsinin imzalanması üçün hüquqi bazanı təmin etməlidir. Ermənistan rəhbərliyi siyasi iradəni ortaya qoymalıdır. Sülhün imzalanma tarixinin uzanması hər hansı bir şəraitdə, hətta Ermənistanın özündə nəzarətdən çıxan hadisələrə yol aça bilər.

Sülh müqaviləsinin digər tərəfi dövlətlərarası münasibətlərin nizamlanmasını nəzərdə tutur. Dövlətlərarası münasibətlərin nizamlanması məhz sülh müqaviləsi imzalandıqdan sonra başlayır. Ratifikasiya olunmalı, müqavilədən sonra dövlətlərarası münasibətlərlə bağlı ilk addım diplomatik əlaqələrin qurulmasıdır ki, bunun üçün də hüquqi sənədin imzalanması vacib məsələdir”.

R.Nəbiyev vurğulayıb ki, Azərbaycanda sülhün möhkəmləndirilməsi istiqamətində davamlı addımlar atılır:

“Qazaxıstanda Prezident İlham Əliyev Ermənistanla münasibətdə Azərbaycan ərazisindən keçən dəmir yolunun açıldığını bəyan etdi və ticarət maneələri aradan qaldırıldı.

Bu günlərdə çox mühüm başqa bir hadisə baş verdi: elektrik şəbəkəsinə məxsus şəxslər görüşdə bir araya gəldi. Elektrik-enerji məsələləri milli təhlükəsizliyin mühüm komponentidir. Əgər Ermənistana bu istiqamətdə etimad göstərilmək istənilirsə, onlar da ciddi addımlar atmalıdırlar.

"TRİPP"in ratifikasiyası ilə bağlı Ermənistan Parlamentində təqdimat oldu, Ermənistan Xarici İşlər Nazirinin müəyyən bəyanatları eşidildi, amma orada ratifikasiya ilə bağlı açıq məqamların olması narahatlıq doğurur”.

Sülhə humanitar yanaşmadan danışan deputatın fikrincə, bu insanlararası münasibətlərin yaradılması və bəzi məqamlara aydınlıq gətirilməsini ehtiva edir:

“4010 Azərbaycan vətəndaşı itkin düşüb: 288-i qadındır, 71-i uşaq, 319-u ahıl şəxsdir.

Bakıda Dövlət Komissiyası böyük bir konfrans keçirdi (hətta “Euronews” səviyyəsində işıqlandırıldı). Bu insanların taleyinə aydınlıq gəlməsi üçün Ermənistan müəyyən addımlar atmalıdır.

Strateji tərəfdaşlıqlar baxımından tərəfdaşlarımız da gözləyir ki, regionda davamlı sülhün sabitliyi bərqərar olsun və Ermənistan nəhayət öz üzərinə düşən öhdəlikləri yerinə yetirsin”.

Mövzu ilə bağlı danışan digər deputat Kamal Cəfərovun fikrincə, Ermənistan Baş nazirinin sülh sazişinin 2031-ci ildə, sonra 2027-ci ildə imzalanması barədə səsləndirdiyi bu fakt bir daha təsdiq edir ki, Ermənistan rəhbərliyi praktiki sülhün əhəmiyyətini ciddi dərk etmir.

O vurğulayıb ki, sülh ciddi məsələdir, hansısa siyasi kampaniya aləti deyil:

“Görünür, İrəvan regional sülhü öz daxili siyasi təqviminin girovuna çevirməklə vaxt uzatmağa çalışır. Ona görə cənab Prezident İlham Əliyevin dediyi kimi, indiki Ermənistan rəhbərliyindən sülh göyərçini düzəltmək istəyənlər bir daha görsünlər ki, əsl sülh istəyən tərəf belə təzadlı açıqlamalar verməz. Sülhü ölkə gündəliyinin ən sonuncu təqvim prioritetinə çevirməz. Sülhü hakimiyyətdə qalmaq üçün siyasi alətə çevirməz”.  

593394

K.Cəfərovun sözlərinə görə, buradan görünən mənzərə odur ki, İrəvanda hələ də illüziyalarla yaşayanlar var:

“Onlar düşünürlər ki, müxtəlif bəhanələrlə vaxt uzatmaqla həm daxili auditoriyanı aldatmaq olar, həm də xarici havadarlarının köməyi ilə hansısa güzəştlərə nail ola bilərlər. Biz heç vaxt heç kimə güzəşt etmirik. Ermənistan rəhbərliyi də, xalqı da əmin olsun ki, sülh ən çox onlara lazımdır. Biz isə gec-tez istədiyimizə nail olacağıq və heç kim də bizim iradəmizə təsir edə bilməz”.



Sizin reklam burada
Sizin reklam burada