Jurnalist Azər Rəşidoğlu Xalq yazıçısı Anarın əsərindəki obraz üzərindən müxtəlif dövrlərdə siyasi mövqeyini dəyişən və şəxsi maraqlarını ön plana çəkən ziyalıları tənqid edib.
News365.az xəbər verir ki, O, sosial şəbəkə hesabında paylaşdığı fikirlərində yazıçının “Sırasəlvılərdə bir otel otağı” povestindəki Çopur Cabbar obrazını nümunə göstərərək, bu personajın mənfəət naminə mövqeyini dəyişən ziyalı tipini təmsil etdiyini vurğulayıb.
Azər Rəşidoğlu xatırladıb ki, povestdə 1984-cü ildə Çopur Cabbar Azərbaycan xalqının türk mənşəyini inkar edən və Göytürk abidələrini araşdıran alim Kərimin elmi fəaliyyətinə qarşı çıxan şəxs kimi təqdim olunur. Jurnalistin fikrincə, obrazın bu mövqeyi onun sovet rejiminə yarınmaq və vəzifə əldə etmək istəyindən qaynaqlanır.
Paylaşımda qeyd olunur ki, 1988-ci ildə SSRİ-də baş verən siyasi dəyişikliklər və Meydan hərəkatının başlaması ilə Çopur Cabbarın mövqeyi tamamilə dəyişir. Vaxtilə türk tarixinə qarşı çıxan obraz bu dəfə özünü qatı türkçü kimi göstərməyə başlayır.
Jurnalist bu dəyişimi şəxsi maraqlar naminə ideoloji mövqeyini dəyişən insanların davranışı kimi qiymətləndirib. O, belə şəxslərin müxtəlif dövrlərdə rəhbər vəzifələrə yiyələndiyini, Kərim kimi həqiqi ziyalıların isə mənəvi tənhalıqla üzləşdiyini vurğulayıb.
News365.az