Hikmət Babaoğlu: Ermənistan itkin düşmüş azərbaycanlılarla bağlı məlumatları Bakıya təqdim etməlidir
Azərbaycan itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi və beynəlxalq humanitar hüququn təşviqi istiqamətində mühüm təşəbbüslər ortaya qoyub.
Deputat Hikmət Babaoğlu bildirib ki, Bakıda keçirilən forum çərçivəsində irəli sürülən təşəbbüs nəticəsində itkin düşmüş şəxslərlə bağlı məsələlər BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədlərində yer alıb.
Deputatın fikrincə, Ermənistanın bu istiqamətdə beynəlxalq tədbirlər təşkil etməsi ilə yanaşı, konkret humanitar öhdəliklərini yerinə yetirməsi də vacibdir. O vurğulayıb ki, Azərbaycanın taleyi indiyədək məlum olmayan vətəndaşları barədə Ermənistan tərəfi rəsmi Bakıya məlumat verməlidir.
Hikmət Babaoğlu hesab edir ki, itkin düşmüş şəxslərlə bağlı məsələdə real nəticələrin əldə olunması, ailələrin illərdir gözlədiyi cavabların verilməsi Ermənistanın bu mövzuda keçirdiyi tədbirlərin humanitar mahiyyətini daha aydın ortaya qoyacaq.
Qeyd edək ki, noyabrın 19-20-də İrəvanda “İtkin düşmüş şəxslərin taleyi: humanitar dialoq və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilir. Ermənistanın Təhlükəsizlik Şurası Aparatı, Xarici İşlər Nazirliyi və Qırmızı Xaç Cəmiyyətinin iştirakı ilə təşkil olunan tədbirdə Baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmi şəxslər itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, ailələrin məlumat almaq hüququ və humanitar əməkdaşlıq məsələlərini müzakirə edirlər.
News365.az