Məleykə Abbaszadə kimdi? Hüseyn və Solmaz Hüseynzadələrin gəlini, İlqar Hüseynzadənin həyat yoldaşı...

Məleykə Abbaszadə kimdi? Hüseyn və Solmaz Hüseynzadələrin gəlini, İlqar Hüseynzadənin həyat yoldaşı...
20:40

Bizim həyət – Hüsü Hacıyev küçəsi, ev 19 “Yazıçıların binası” kimi tanınırdı. Sanki canlı muzey idi. Qasım Qasımzadə, İsa Hüseynov, Əhməd Cəmil, Əyyub Abbasov, Bəxtiyar Vahabzadə, Qabil, Əmir Mustafayev, Məsud Əlioğlu, Afaq Məsud və ən nəhayət Xalq yazıçımız Hüseyn Abbaszadə.

Bizdən bir mərtəbə aşağıda – 3-cü qatda yaşayırdılar. Həyat yoldaşı Solmaz xala, oğlu İlqar, qızı İradə. 7-8 yaşım olardı. Atam Hüseyn əmigilə düşürdü. Nəsə söhbəti vardı. Hüseyn Abbaszadə onda “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru işləyirdi. Oğlu İlqar isə Moskva Dövlət Universitetində oxuyurdu. Mən də düşdüm yanına. İçəri girdik. Solmaz xala çay gətirdi. Hüseyn əmi mənə “Qabiloviç, necəsən?” deyib başladı atamla yaradıcılıq söhbətlərinə. Mən də ağzımı açıb qulaq asırdım. Heç nə başa düşmürdüm. Sadəcə uşaq yaddaşıma həkk edirdim. İndi – bu yaşımda köşə yazılarımda karıma gəlir.

Solmaz xala isə o yana, bu yana keçirdi. Sanki uçmağa qanadı yox idi. Səbəbin bilmirdim. Sadəcə tamaşa edirdim. Servantın şüşəsinə qəşəng bir qız şəkli yapışdırmışdılar. Uzun, qara saçları vardı. Yaxına gedib tamaşa etməyə başladım. Elə bil Solmaz xala bunu gözləyirdi. Şəkli əlinə alıb sevincək atama yaxınlaşdı:

– Qabil, şəklə bax?! Gör nə gözəl-göyçək gəlinim var? Adı da Məleykədir. O gün olsun Mahirdən görəsən. Gəlin gətirəsən. Bu yaxında da toydur. İlqarın toyu ərəfəsindəydik.

Toy oldu. Üstündən bir müddət keçdi. Dünyaya əkiz qız uşaqları gəldi. İlqarın ayrıca evi vardı. Onu gec-gec görürdük. Sonralar isə tez-tez görünməyə başladı. Bir gün isə qonşudan qışqırıq səsi eşidildi. Hüseyn əmigilin kandarında bir gəlin dayanmışdı. Qapını döyürdü. Solmaz xala qapını açıb rusca nəsə qışqırdı. Qapını çırpdı. Yadıma gəlmir nə dedi. Amma yaman əsəbi idi. Gəlin isə özünü çox mədəni, təmkinli apardı. Mənə Solmaz xalanın hərəkəti adi gəldi. Anamla atam gündə 10 dəfə dalaşıb, 11 dəfə barışırdılar. Amma demə bu dalaşmaq o dalaşmaqdan deyildi. Toydan əvvəl gəlininin şəklin ürəyinin başında gəzdirən Solmaz xalaya nə olmuşdu? Bilmirəm. Aralarından hansı qara pişik keçmişdi? Onu da bilmirəm...

Bir gənc sovet ailəsi dağılmışdı. Bundan əvvəl qonşumuz Əkbər Ağayevin iki oğlu – Məmməd və Elman, o biri qonşumuz Eyvaz Vəliyev də boşanmışdılar. Bu, bir ailə kimi yaşayan qonşuları da yaman incidirdi.

Sonra İlqar Abbaszadə işləmək üçün Amerikaya getdi. Amma iki qız nəvə mütəmadi baba və nəvələrini ziyarət edirdi. Atalarının familiyalarını daşıyırdılar. Daha sonra Solmaz xala rəhmətə getdi. Qızı İradənin əri isə xarici vətəndaş olduğundan Türkiyəyə köçdü.

Hüseyn Abbaszadə tək qaldı. Bir qohumu ona qulluq edirdi. Bir müddətdən sonra Hüseyn əmi də rəhmətə getdi. Səhv etmirəmsə oğlu İlqar dəfnə gələ bilməmişdi. Qızı İradə isə atasının ölümündən sonra evi satıb birdəfəlik Azərbaycanı tərk etdi. Abbaszadələr Azərbaycanı tərk elədi. İkisi haqq dünyasına, ikisi də xaricə.

İqtidaryönümlü qəzetləri çox maraqla oxuyuram. Birinci və axırıncı səhifələrini. Birincidə prezident sərəncamları, sonda isə başsağlıqlar. Həmin günlərdə Xalq yazıçısı Hüseyn Abbaszadənin vəfatıyla bağlı ümumi başsağlıqlar oldu. Yeganə konkret başsağlığını isə Məleykə Abbaszadəyə vermişdilər: “Qaynatası Hüseyn Abbaszadənin vəfatı münasibətilə” gəlinə başsağlığı. Gəlinə başsağlığı.

Televizora baxıram. DİM-in sədri vəzifəsində işləyən Məleykə Abbaszadəni göstərirlər. Bu gün də bir zaman ayrıldığı ərinin, qayınatasının, onu yola verməyən qayınanasının familiyasını – Abbaszadə soyadını daşıyır. Görkəmli ictimai xadimdir. Nənədir. Onu hər görəndə qonşu Abbaszadələr yadıma düşür. Daha doğrusu keçmiş qonşularımız Abbaszadələr. Gözüm ekrandadır. Qulaqlarımda isə Solmaz xalanın illər öncə dediyi sözlər:

“Qabil, şəklə bax?! Gör nə gözəl-göyçək gəlinim var? Adı da Məleykədir. O gün olsun Mahirdən görəsən. Gəlin gətirəsən. Bu yaxında toydur”.


Mahir Qabiloğlu


Sizin reklam burada
Sizin reklam burada