Vətənə bağlılıq torpaq talamaq, rüşvətdən həzz almaq deyil- Tural İrfan yazır
Aktual
09:32
İctimai nəqliyyatın da istifadə etdiyi əsas afalt yolda təhlükəli, hündür bir hasar var. Bir neçə yerdən aşağıya qədər yarılıb və artıq yola tərəf əyilib. Özü də elə formada əyilib ki, əks tərəfdən bircə balaca təkan olsa uçacaq. Hasarın ortası ilə əhaliyə verilən qaz kəməri keçir. Yol ensiz olduğu üçün maşınlar əyilməkdə olan hasarın düz dibi ilə işləyir. Səkiyə yer qalmadığından piyadalar, məktəblilər də başqa çıxış yolu olmadığı üçün həmin hasarın dibindən keçib getməli olurlar.
Həmin yoldan əhali ilə yanaşı aidiyyəti məmurlar da təbii ki, maşınla keçirlər. Və o vəziyyəti mənim gördüyüm kimi görürlər. Amma gözləyirlər... Gözləyirlər ki, uçsun, qaz kəməri partlasın, yaxud marşrut avtobusun üstünə aşıb bir neçə vətəndaşı bədbəxt etsin. Ya da məktəblilərin üstünə düşüb öldürsün. Ondan sonra ola bilsin bir - iki adam gəlib oralarda özünü göstərsin...
Küçədə, yolda yıxılmaqda olan, çürümüş ağaclara, ağac budaqlarına qarşı da münasibət belədir. Gözləyirlər ki, hansısa maşının yaxud adamın üstünə düşüb bədbəxt hadisə baş versin ki, məsələni həll etmək üçün əldə əsas yaransın.
Niyə belədir? Çünki Azərbaycana Vətən kimi yanaşmırlar. Həmin məmur görsə ki, evində elektrik cərəyanının üstü açılıb yaxud divar əyilib, dərhal işini təxirə salıb usta çağırar, problemi aradan qaldırar ki, ailəsinə, uşaqlarına zərər gəlməsin. Amma xalqa məxsus olanı niyə həll etmir? Çünki xalqı ögey hesab edir. Dövlətə məxsus olanı niyə həll etmir? Çünki dövləti özününkü saymır. Sanki bu ölkədə müvəqqəti olaraq, talamaq, pul yığmaq üçün kirayədə yaşayır, vəzifəni də icarəyə götürüb.
Bu kimi məsələlərin həllində məsul olan məmurlar başqa ölkəyə müvəqqəti işləməyə gedən afrikalı mühacirlər kimi özünü aparır. Yəni, nə bacarırsan istifadə et, uçub-dağılanı görməməzliyə vur. Onsuz da bura sənin Vətənin deyil ki. Dildə Vətən demək, başının üstündən bayraq asmaq Vətəni sevmək deyil. Vətəni sevmək Vətənin əyilmiş daşını düzəltmək, yıxılan sakininin qolundan tutmaqdır. Vətənə bağlılıq torpaq talamaq, rüşvətdən həzz almaq deyil. Vətənə bağlılıq ona təmənnasız xidmət etməkdir. Barmağınızı qatlayın görək belə məmurlar nə qədərdir və haradadır, gedib ətəyində namaz qılaq...