Azərbaycanın işğaldan azad edilmiş ərazilərində törədilən dağıntılar və vandalizm aktları ilə bağlı beynəlxalq ictimaiyyətin mövqeyi uzun illər müzakirə mövzusu olub.
Milli Məclisin deputatı Azər Allahverənov News365.az-a açıqlamasında bildirib ki, həmin ərazilərdə baş verənlər dünya üçün gizli olmayıb.

Deputatın sözlərinə görə, Azərbaycan hələ 44 günlük Vətən müharibəsindən əvvəl də beynəlxalq təşkilatlara faktaraşdırıcı missiyaların bölgəyə göndərilməsi ilə bağlı dəfələrlə müraciət edib.
“Azərbaycan uzun illər ərzində işğal altındakı ərazilərə beynəlxalq faktaraşdırıcı missiyaların göndərilməsi ilə bağlı çoxsaylı müraciətlər etmişdi. Hətta həmin ərazilərdə yaşayan erməni əsilli şəxslərin özlərinin paylaşdığı videolardan da oradakı dağıntıların və acınacaqlı vəziyyətin şahidi olmaq mümkün idi. Müəyyən müstəqil mövqe nümayiş etdirən erməni əsilli şəxslər də bu məsələlərlə bağlı etirazlarını beynəlxalq ictimaiyyətə çatdırmağa çalışırdılar”, – deyə o bildirib.
Azər Allahverənov qeyd edib ki, işğal dövründə məscidlərin, yaşayış məntəqələrinin və digər infrastruktur obyektlərinin dağıdılması barədə kifayət qədər məlumat mövcud olub.
“Məscidlərin dağıdılması, şəhər və kəndlərin məhv edilməsi, yaşayış evlərinin sökülərək tikinti materiallarının müxtəlif istiqamətlərə daşınması ilə bağlı çoxsaylı məlumatlar vardı. Bu faktlar yalnız Azərbaycan mənbələri ilə deyil, müxtəlif xarici mənbələr vasitəsilə də təsdiqlənirdi”, – deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, regionda fəaliyyət göstərən xarici səyyahlar və müxtəlif müşahidə qrupları da həmin dağıntıları öz gözləri ilə görüblər.
“Gürcüstandan və digər ölkələrdən bölgəyə səfər edən müxtəlif qruplar zaman-zaman həmin ərazilərdə olarkən dağıntıların miqyasını müşahidə edirdilər. Bu səbəbdən dünya ictimaiyyətinin baş verənlərdən xəbərsiz olduğunu söyləmək mümkün deyil”, – deyə o qeyd edib.
Deputat hesab edir ki, müasir texnologiyalar şəraitində işğal altındakı ərazilərdə baş verən dəyişiklikləri izləmək çətin deyildi.
“Bu gün texnologiyalar o qədər inkişaf edib ki, peyk görüntüləri vasitəsilə ərazilərdə baş verən dəyişiklikləri asanlıqla izləmək mümkündür. Dünya bunları görürdü, lakin çox vaxt görməzdən və eşitməzdən gəlirdi. Ermənistanla bağlı bu kimi məsələlərdə beynəlxalq təşkilatların sərt və prinsipial mövqeyinin şahidi olmurduq”, – deyə Azər Allahverənov bildirib.
Deputat beynəlxalq yanaşmada ikili standartların mövcud olduğunu da vurğulayıb.
“Uzun illər ərzində Azərbaycana münasibətdə müşahidə olunan ikili standartlar bu məsələdə də özünü göstərirdi. Ermənistanın müxtəlif addımlarına qarşı beynəlxalq reaksiyanın zəif olması regionda baş verən proseslərin obyektiv qiymətləndirilməsinə mane olurdu”, – deyə o əlavə edib.