Qərb Ermənistan cəmiyyətinə Rusiyasız təhlükəsizlik mesajı verməyə çalışır

Qərb Ermənistan cəmiyyətinə Rusiyasız təhlükəsizlik mesajı verməyə çalışır
12:28

Avropa İttifaqının Ermənistana ayırdığı maliyyə yardımları və son dövrlərdə Qərblə münasibətlərin intensivləşməsi ölkənin gələcək geosiyasi istiqaməti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Politoloq Rəşad Bayramov News365.az-a açıqlamasında bildirib ki, Ermənistan üçün əsas məsələlərdən biri Rusiyadan iqtisadi və təhlükəsizlik sahəsində asılılığın azaldılmasıdır.

Onun sözlərinə görə, Ermənistan indiyədək Qərbin təklif etdiyi öhdəliklər çərçivəsində hərəkət etsə də, alternativlərin məhdudluğu səbəbindən Rusiya ilə münasibətləri birdən-birə dayandırmaq imkanına malik olmayıb.

“Ermənistanın Rusiya ilə iqtisadi asılılığı göz önündədir. Eyni zamanda təhlükəsizlik məsələsində də Moskvanın rolu hələ də qalmaqdadır. Bu səbəbdən rəsmi İrəvan bir anda Rusiya ilə bütün münasibətləri kəsmək barədə qərar verə bilməzdi. Qərb də Ermənistanın bu narahatlıqlarını və mövcud hakimiyyətin bəhanələrini nəzərə alaraq ona iqtisadi dəstək mexanizmləri formalaşdırmağa çalışır”, – deyə politoloq bildirib.

Rəşad Bayramov qeyd edib ki, Avropa İttifaqı tərəfindən Ermənistana müxtəlif maliyyə paketlərinin ayrılması və yeni dəstək proqramlarının müzakirəyə çıxarılması da bu məqsədə xidmət edir.

“420 milyon avroluq dəstək məsələsinin müzakirəsi, əlavə 50 milyon avroluq yardım qərarı, bundan əvvəl gündəmə gətirilən 270 milyonluq yardım paketi, eləcə də Ermənistan kənd təsərrüfatı məhsullarının Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsi ilə bağlı təşəbbüslər Ermənistan cəmiyyətində Rusiyadan iqtisadi asılılığın aradan qaldırıla biləcəyi barədə təsəvvür formalaşdırmağa hesablanıb”, – deyə o vurğulayıb.

Politoloqun fikrincə, Qərbin əsas məqsədlərindən biri Ermənistan cəmiyyətində Rusiyasız iqtisadi inkişafın mümkünlüyü barədə inam yaratmaqdır.

“Faktiki olaraq Avropa İttifaqı Ermənistan cəmiyyətinə mesaj verməyə çalışır ki, Rusiya ilə münasibətlərin zəifləməsi və ya kəsilməsi iqtisadi baxımdan məhv olmaq demək deyil. Qərb dəstək proqramları vasitəsilə Ermənistanın ayaqda qalmasını təmin edə biləcəyini göstərməyə çalışır”, – deyə Bayramov bildirib.

Ekspert hesab edir ki, Ermənistan cəmiyyətində ən böyük narahatlıq təhlükəsizlik məsələsi ilə bağlıdır.

“Bu gün Ermənistan cəmiyyətində əsas qorxu Rusiyanın olmadığı halda ölkənin təhlükəsizliyinin necə təmin ediləcəyidir. Ermənistan Silahlı Qüvvələri hələ bütün istiqamətlər üzrə ölkəni müdafiə etmək qabiliyyətində deyil. 44 günlük müharibə də ordunun imkanlarını açıq şəkildə ortaya qoydu”, – deyə o qeyd edib.

Rəşad Bayramovun sözlərinə görə, Qərbin seçkilərdən sonra həyata keçirdiyi təşəbbüslər və verdiyi mesajlar məhz bu qorxuların aradan qaldırılmasına yönəlib.

“Bu addımlar həm Ermənistan cəmiyyətinə, həm də beynəlxalq ictimaiyyətə ünvanlanıb. Qərb strukturları göstərməyə çalışırlar ki, Rusiya olmasa belə, onlar Ermənistanın təhlükəsizliyinin təmin olunmasında müəyyən rol oynaya bilərlər”, – deyə politoloq əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada