Ermənistanın son hərbi paradında nümayiş etdirdiyi silah və hərbi texnikalar müzakirələrə səbəb olub.
Hərbi ekspert Ədalət Verdiyev News365.az-a açıqlamasında bildirib ki, paradda əsasən Hindistan istehsalı olan silahlar diqqət çəkib.
Onun sözlərinə görə, nümayiş etdirilən texnikalar arasında İran istehsalı olan bəzi sistemlər də yer alıb.

“Paradda daha çox Hindistan istehsalı silahları gördük. İran istehsalı olan vasitələr arasında aviasiya üçün nəzərdə tutulmuş ‘Yasin’ raketləri və ‘Məcid’ hava hücumundan müdafiə sistemləri diqqət çəkirdi. Lakin ‘Məcid’ sistemlərinin effektivliyi ilə bağlı ciddi suallar mövcuddur. Bu sistemlər yaxın mənzilli müdafiə vasitələridir və yüksək və orta hündürlükdə uçan aviasiya vasitələrinə qarşı effektiv hesab edilmir”, – deyə ekspert bildirib.
Ədalət Verdiyev qeyd edib ki, Ermənistanın arsenalında Fransadan alınmış “Sezar” haubitsaları və digər artilleriya sistemləri də mövcuddur.
“Paradda nümayiş etdirilən ən uzaqmənzilli artilleriya vasitəsi Hindistan istehsalı olan ‘Pinaka’ reaktiv yaylım atəş sistemi idi. Bu sistem təxminən 60 kilometr atəş məsafəsinə malikdir. Bununla belə, bu, Ermənistanın daha uzaqmənzilli silahlara malik olmadığı anlamına gəlmir”, – deyə o vurğulayıb.
Ekspert xatırladıb ki, Ermənistan əvvəllər Azərbaycan ərazilərinə müxtəlif raket sistemlərindən zərbələr endirib.
“Ermənistan vaxtilə ‘Skad’, ‘Elbrus’ və ‘İsgəndər’ raketlərindən istifadə edib. Maraqlıdır ki, Azərbaycan ərazilərinə atəş açmaq üçün istifadə olunan həmin silahlar bu dəfə paradda nümayiş etdirilmədi. Görünür, bununla Azərbaycanı qıcıqlandırmamaq və yeni alınan silahların müdafiə xarakterli olduğu görüntüsünü yaratmaq istəyiblər”, – deyə Verdiyev bildirib.
Hərbi ekspert hesab edir ki, nümayiş etdirilən silahların böyük hissəsi əslində hücum təyinatlıdır.
“‘Pinaka’ sistemi, özüyeriyən artilleriya qurğuları, daşınan artilleriya vasitələri, eləcə də aviasiyadan buraxılan raketlər hücum xarakterli silahlardır. Ümumilikdə qiymətləndirsək, Ermənistanın əldə etdiyi silahların təxminən 20 faizi müdafiə, qalan 80 faizi isə hücum və ya ikili təyinatlı silahlardır”, – deyə Ədalət Verdiyev əlavə edib.