ABŞ və İran prinsipial məsələlər üzrə ortaq mövqeyə gəlib

ABŞ və İran prinsipial məsələlər üzrə ortaq mövqeyə gəlib
13:02

ABŞ və İran arasında əldə olunan ilkin razılaşma beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalmaqdadır. Milli Məclisin deputatı Sevil Mikayılova News365.az-a açıqlamasında bildirib ki, tərəflərin razılaşmaya yanaşması sənədin hər iki ölkə üçün məqbul hesab edildiyini göstərir.

Deputatın sözlərinə görə, ABŞ Prezidenti sənədi “win-win” (qarşılıqlı faydalı) adlandıraraq onun həm Vaşinqton, həm də Tehran üçün sərfəli olduğunu vurğulayıb.


“Prezidentin mətbuata verdiyi açıqlamaya əsasən, bu sənəd həm Birləşmiş Ştatlar, həm də İran üçün faydalı və kifayət qədər məqbul hesab olunur. ABŞ və İran öz mövqelərini ortaya qoyarkən, təbii ki, mümkün nəticələri və gələcək perspektivləri dəqiq şəkildə hesablayıblar. Çünki söhbət uzun illərdir davam edən qarşıdurma və düşmənçilikdən gedir”, – deyə Sevil Mikayılova bildirib.

Deputat qeyd edib ki, hazırkı sənəd yekun saziş deyil, gələcək razılaşmaya aparan ilkin çərçivə sənədi xarakteri daşıyır.

“Bu sənəd daha çox niyyət protokolu kimi qiymətləndirilməlidir. Hələ yekun razılaşmanın hazırlanması üçün təxminən 60 günlük müddət nəzərdə tutulur. Hazırda tərəflər bütün cəbhələrdə, o cümlədən Livan istiqamətində atəşkəsə əməl etmək öhdəliyi götürüblər. Bundan sonrakı mərhələdə isə razılaşmanın detalları üzərində iş aparılacaq”, – deyə o vurğulayıb.

Sevil Mikayılovanın sözlərinə görə, tərəflər artıq əsas prinsipial məsələlər üzrə ortaq mövqeyə gəliblər və gələcəkdə bu mövqenin daha da inkişaf etdirilməsi nəzərdə tutulur.

Deputat bildirib ki, ABŞ və İran arasında ən mühüm mübahisə mövzusu İranın nüvə proqramı olub.

“Memorandumda da əsas diqqət məhz bu məsələyə yönəlib. Burada vacib məqam nüvə silahının yaradılmaması ilə bağlı öhdəlikdir. İran açıq şəkildə bəyan edir ki, nüvə silahına sahib olmaq niyyətində deyil. Bu, sənədin ən mühüm bəndlərindən biridir”, – deyə o qeyd edib.

Sevil Mikayılova xatırladıb ki, İran rəhbərliyi daha əvvəl də nüvə proqramının yalnız dinc məqsədlərə xidmət etdiyini bəyan edib.

“İranın ali rəhbərliyi dəfələrlə bildirib ki, nüvə proqramı yalnız mülki məqsədlər üçün nəzərdə tutulub və ölkə nüvə silahına malik olmaq niyyətində deyil. Bu baxımdan tərəflərin mövqeləri arasında müəyyən yaxınlaşma müşahidə olunur”, – deyə deputat əlavə edib.

O, həmçinin bildirib ki, müzakirələr zamanı diqqət çəkən digər məsələlərdən biri Hörmüz boğazı ilə bağlı mövzulardır.

“Son dövrlərdə Hörmüz boğazı məsələsi daha çox müzakirə olunur. Halbuki əvvəlki qarşıdurma dövrlərində tərəflər bu məsələni əsas problem kimi ön plana çıxarmırdılar. Bu səbəbdən həmin mövzu ətrafında aparılan müzakirələr xüsusi diqqət tələb edir”, – deyə Sevil Mikayılova vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada