II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb. İmtahandan əvvəl sualların nisbətən asan olduğu ilə bağlı fikirlər səslənsə də, nəticələr bu qənaəti tam təsdiqləməyib. Belə ki, II ixtisas qrupu üzrə heç bir abituriyent maksimum 400 bal toplaya bilməyib. III ixtisas qrupunda isə yalnız 3 nəfər ən yüksək nəticəyə – 400 bala nail olub.
Məsələ ilə bağlı News365.az-a danışan təhsil eksperti Elçin Murad bildirib ki, bu il buraxılış imtahanlarında əsas məqam sualların çətinliyindən çox onların vaxt aparması olub.
Onun sözlərinə görə, sualların cavablandırılması üçün daha çox diqqət və analiz tələb olunurdu. Bu da abituriyentlərin hər bir tapşırıq üzərində daha çox vaxt sərf etməsinə səbəb olub. Ekspert qeyd edib ki, məhz bu amil ölkə üzrə maksimum nəticə göstərənlərin sayının azalmasına təsir edən əsas səbəblərdən biridir.
Elçin Murad hesab edir ki, blok imtahanlarının əvvəlki illərlə müqayisədə daha rahat keçməsi ümumi nəticələrdə müəyyən tarazlıq yaradıb. Buna görə də keçid ballarında kəskin dəyişikliklərin baş verəcəyi gözlənilmir.
Ekspertin fikrincə, xüsusilə I, II və III ixtisas qruplarında orta bal diapazonuna malik ixtisaslarda keçid ballarında müəyyən artım mümkündür. O bildirib ki, 200-400 bal aralığında olan ixtisaslarda 5-10 ballıq yüksəliş ehtimalı var.
Yüksək bal tələb edən ixtisaslarla bağlı isə fərqli mənzərə müşahidə oluna bilər. Buraxılış imtahanlarında yüksək nəticə göstərənlərin sayının azalması səbəbindən 500-700 bal aralığında olan bəzi ixtisaslarda keçid ballarının hətta bir qədər aşağı düşməsi də istisna edilmir.
Bununla belə, ekspert vurğulayıb ki, yekun statistik göstəricilər açıqlanmadan və ötən ilin nəticələri ilə müqayisə aparılmadan keçid balları ilə bağlı dəqiq proqnoz vermək mümkün deyil. Hər hansı dəyişiklik barədə qəti nəticə yalnız rəsmi statistik məlumatlar dərc edildikdən sonra məlum olacaq.