Karapetyandan müxalifətə birlik çağırışı: Ermənistanda yeni siyasi blok formalaşa bilər

Karapetyandan müxalifətə birlik çağırışı: Ermənistanda yeni siyasi blok formalaşa bilər
13:26

Ermənistanda parlament seçkilərindən sonra siyasi qarşıdurma səngimək bilmir. Müxalif düşərgədə parçalanmanın aradan qaldırılması məqsədilə yeni təşəbbüs irəli sürülüb.

News365.az-ın məlumatına görə, hazırda ev dustaqlığında olan iş adamı və "Güclü Ermənistan" blokunun lideri Samvel Karapetyan müxalif qüvvələrin fəaliyyətini əlaqələndirmək üçün vahid şuranın yaradılmasını təklif edib.

Karapetyan hesab edir ki, mövcud şəraitdə müxalifətin ayrı-ayrılıqda fəaliyyət göstərməsi hakimiyyətə qarşı effektiv siyasi mübarizə aparmağa imkan vermir. O, ictimaiyyətlə daha sıx əlaqələrin qurulmasının vacibliyini vurğulayaraq, canlı yayımlar və açıq müzakirələrin artırılmasını təklif edib.

Müxalif siyasətçi bildirib ki, seçkilərdən əvvəl müxtəlif qüvvələri bir araya gətirmək cəhdləri nəticəsiz qalıb. Onun fikrincə, hazırkı siyasi vəziyyət müxalifətin vahid platforma ətrafında birləşməsini zəruri edir.

Qeyd edək ki, "Güclü Ermənistan" bloku seçkilərdə parlamentdə təmsil olunmaq hüququ qazansa da, mandatların qəbul edilib-edilməyəcəyi ilə bağlı yekun qərar hələ açıqlanmayıb.

Bu arada, Ermənistan hakimiyyəti müxalifətin fəaliyyətinə qarşı sərt mövqe nümayiş etdirməyə davam edir. Baş nazir Nikol Paşinyan və hökumət nümayəndələri müxalif qüvvələrin bəzi addımlarını tənqid edir və onların siyasi fəaliyyətinə məhdudiyyətlərin tətbiq oluna biləcəyinə dair mesajlar verirlər.

Siyasi müşahidəçilərin fikrincə, Karapetyanın son təşəbbüsü hakimiyyətin təzyiqləri fonunda müxalif qüvvələrin səfərbər olunmasına və vahid mövqedən çıxış etməsinə yönəlmiş addımdır.


Sizin reklam burada
Sizin reklam burada