Yaxın Şərqdə mümkün atəşkəs razılaşması regionda və beynəlxalq siyasi dairələrdə ciddi müzakirələrə səbəb olub.
Politoloq Əli Mustafa News365.az-a açıqlamasında bildirib ki, nəzərdə tutulan razılaşma təkcə bir istiqamətdə deyil, ümumilikdə münaqişələrin dayandırılmasını ehtiva edir

Onun sözlərinə görə, razılaşmanın imzalanmasına müxtəlif amillər təsir göstərə bilər və hətta bu prosesin pozulması ehtimalı da istisna edilmir.
“Razılaşmada bütün münaqişələrin, o cümlədən Livan ərazisində baş verən qarşıdurmaların dayandırılması nəzərdə tutulur. Bu istiqamətdə müəyyən təlimatların İran tərəfindən verildiyi bildirilir. İsrail isə sazişin imzalanmasından narazı tərəf kimi diqqət çəkir”, – deyə politoloq vurğulayıb.
Əli Mustafa qeyd edib ki, ABŞ-da uzun müddətdir Donald Trampın İsrailin təsiri altında hərəkət etməsi ilə bağlı müzakirələr aparılır. Onun fikrincə, hazırda yaranan ritorika bunun əksini göstərməyə hesablanmış siyasi gediş ola bilər.
“Belə bir təəssürat formalaşdırmağa çalışırlar ki, ABŞ və İsrail bu məsələdə eyni mövqedə deyillər. Guya Tramp İsrailin istəklərinə uyğun davranmır, İsrail də bundan narazıdır və Livan istiqamətində atdığı addımlarla etirazını nümayiş etdirir. Məqsəd Amerika cəmiyyətini və beynəlxalq ictimaiyyəti buna inandırmaqdır”, – deyə o bildirib.
Politoloqun sözlərinə görə, mümkün sülh və ya atəşkəs İsraildəki daxili siyasi proseslərə də təsir göstərə bilər.
“Atəşkəsin əldə olunması Trampın xeyrinə olsa da, Netanyahu hökumətinin mövqelərini zəiflədə bilər. Bu baxımdan onların maraqları müəyyən mənada toqquşur. Hazırda müxalifət artıq Netanyahu hökumətini sorğulamağa başlayıb və müharibənin dayanması bu təzyiqləri daha da artıracaq”, – deyə Əli Mustafa əlavə edib.