Yezid Əhli Beytin qətlinə göstəriş vermişdi?- Tural İrfan yazır
Aktual
09:15
Yezid qanunsuz xəlifə idi. Çünki atası da hakimiyyətə zorla gəlmişdi, ölən zaman da ləyaqəti olmayan oğlunu öz yerinə təyin etmişdi. Halbuki Quranın "Şura" surəsinə və Peyğəmbər ənənəsinə görə İslamda rəhbərlik seçki ilədir. Yezidin başçı olmasını Müaviyyə heç düşünmürdü. Lakin ərəbin dörd dahi hiyləgərindən biri olan Muğurə bin Şöbə onun gözünə girmək və özünə də vəzifə qazanmaq üçün oğlu Yezidin xəlifə ola biləcəyini irəli sürdü. Müaviyyə isə Yezidə vəsiyyət etdi ki, Ömərin oğlu Abdullah, Zübeyrin oğlu Abdullah və Əlinin oğlu Hüseynlə ehtiyyatlı davran. Lakin Yezid buna məhəl qoymadı. Onun Mədinə valisi İmam Hüseyni Yezidə beyət etmək üçün məcbur etməyə başladı. İmam Hüseyn yayınıb Məkkəyə üz tutdu. Orada da onu narahat etdilər. Sıxışdırdılar. Buna paralel olaraq İraqın ikiüzlülükdə məşhur olan Kufə vilayətindən ona çoxsaylı dəvət məktubları gəlməyə başladı. Ailəsi ilə birgə yola düşdü Kufəyə tərəf. Bu zaman artıq Kufə əhli qələmi yığışdırıb qılıncı götürüb onu gözləyirdilər. Vali Uheydullah bin Ziyad elə onlardan ibarət qoşun düzəldib Ömər bin Sədin komandanlığı altında çağırdıqları kəsləri öldürməyə yolladı. Və öldürdülər... Amma necə?
Bəzən deyirlər ki, Yezid belə bir göstəriş verməyib. Bu tamamilə absurd iddiadır. Əgər qətlə göstəriş verməmişdisə sonra niyə cinayətkarları cəzalandırmadı? Əksinə mükafatlandırdı. Eyni zamanda onun bəzi ifadələri qətliama birbaşa əmr verdiyini sübut edir. Məsələn, o deyirdi ki, Bədrin intiqamını aldım. Yəni, Peyğəmbər zamanında Bədr savaşında xeyli Əməvi Hüseynin atası Əlinin qılıncı ilə öldürülmüşdü. Buradan görünür ki, Yezid hətta xüsusi göstəriş vermişdi. Çünki cinayət xüsusi amansızlıqla törədilmişdi. İnsanları sadə üsulla öldürməmişdilər. Hamısının başını kəsib sonra meyitlərə işgəncə vermişdilər. Qarət edib meyitləri dəfn etməmişdilər. O dövrün qaydalarına görə müsəlmanlar arasında savaş olarkən tərəflər hər iki tərəfdən ölənləri dəfn edər, hətta cənazə namazı da qılardılar. Amma qətliamın vəhşəti onu göstərir ki, qatillər ürəklə, arxayın hərəkət edirdilər. Qətliamın mahiyyəti və detalları hadisənin sırf qisasçılıq zəminində törədildiyini və başqalarını qorxutmaq məqsədi daşıdığını göstərir. Hadisənin motivləri və detalları göstərir ki, törədilən bütün amansız hərəkətlərə xüsusi göstəriş olub.
Yezidin bir sıra müşavirləri vardı ki, onlar müsəlman deyildilər. Müsəlmanlar tərəfindən süquta uğradılmış Sasani və Roma imperiyalarının qalıqları, lakin vergi, iqtisadiyyat, hesab sahəsində bilgiyə sahib olan bəzi şəxslər sarayda müşavir qismində fəaliyyətdə idilər. Müaviyyə zamanındakı İbn Sərcun və oğlu Yuhanna Diməşqini buna misal göstərmək olar. Yuhanna sonra İslama rəddiyə də yazmışdır. Yəni, bu şəxslər əslində Sasani və Roma imperiyalarının ideologiyasına, siyasətinə vaqif olan təcrübəli kadrlar idi. Yezid isə təcrübəsiz, səy, çılğın və gənc idi. Onun başını eyş - işrətə qatıb dövlətin dağılmasına səbəb olacaq qərarlar verməyə məcbur edirdilər.