Valideyninə baxmayan məmur xalqına baxarmı?!- Tural İrfan yazır
Aktual
09:36
Xəbər oxudum ki, Çində yaşlı valideynlərini atan şəxslər işə qəbul olunmur, banklar onlara kredit vermir, təqaüd almırlar. Çox ədalətli qanundur. Əslində elə bir qanunun ölkəmizdə qəbul edilib tətbiq olunmasına böyük ehtiyac var. Çünki yaşlı valideynlərini incidən, onları atan, qocalar evinə qoyan, evini əlindən alan kifayət qədər nankor övlad var.
Qurana görə övlad valideyninə "uf" belə deməməlidir. Peyğəmbər buyurub ki, Allahdan başqasına səcdə edilməyə icazə verilsəydi mən ataya səcdə etməyi əmr edərdim. Ana haqqında buyurur ki, Cənnət anaların ayaqları altındadır. Amma nə yazıq ki, pis vərdişlərə qurşanan, anasını diləndirən, xaricə sığınıb oradan dövlət əleyhinə söyüş kampaniyası apararaq valideynlərinin üzünü qara edən, atası zibil qutusundan çörək axtaran nə qədər naxələf "övlad" var. Yaşlı insan uşaq kimi, mələk kimi bir şeydir. Onu ahıl və çarəsiz çağında tərk edən övlad ən qatı terrorçudan daha qəddardır. Eləsi şübhəsiz ki, dövlətinə, xalqına, Vətəninə qarşı da xəyanət edəcək. Bu baxımdan yaşlı valideynlərinə baxmayan, əksinə onlara əziyyət verən şəxslər haqqında məhdudiyyətlər qoyulmalıdır. Təklif edirəm ki, ata-anasına baxmayan, əksinə ona xəstə və yaşlı çağında əzab - əziyyətlər verənlərə qarşı qanunla müəyyən tənbeh tədbirləri görülsün, kredit verilməsin, dövlət işinə qəbul edilməsin, ictimai, mədəni tədbirlərdə iştirakına qadağa qoyulsun, əgər xaricdədirsə ölkəyə buraxılmasın...
Çünki öz ata - anasının qədrini bilməyən kəs məmur olub xalqın anasına, atasına hansı qayğını göstərə bilər? Təbii ki, bu mümkün deyil. Ona görə mühümdür ki, bizdə də Çində olduğu kimi valideynlərinə baxmayan nankor övladlar barədə qanun qəbul edilsin.