Bakıda burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü faktı üzrə həbs olunan lor-cərrah Sənan Mehdiyevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
News365.az APA-ya istinadla xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Sənan Mehdiyev 2 il müddətə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Ötən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 4 il 9 ay müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Nəzrin Mansurlunun rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması səbəbindən yerləşdirildiyi xəstəxanada ölməsi faktı üzrə Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla həkim-otorinolarinqoloq Sənan Mehdiyevin yanvarın 3-də Nəzrin Mansurlunun üzərində rinoseptoplastika cərrahi-əməliyyatını qüsurlu icra etməsi səbəbindən sonuncunun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Sənan Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.