Jurnalist Günel Musa məktəblərdə hicabla bağlı müzakirələrə və şagirdlərin dərsləri boykot etməsinə münasibət bildirib.
O, sosial şəbəkə hesabında etdiyi paylaşımda məktəblilərin böyüklərin ideoloji mübahisələrinin iştirakçısına çevrilməsini tənqid edib.
Jurnalist qeyd edib ki, ötən gün məktəbdə bir qızın hicab bağlamaq istədiyi halda buna görə məktəbə buraxılmaya biləcəyini düşündüyünü eşidib. Daha sonra isə şagirdlərin hansısa məktəbdə dərsləri boykot etdiyini gördüyünü bildirib.
Günel Musa hesab edir ki, böyüklər öz ideoloji mübahisələrini aparmaq üçün uşaqları bu prosesə cəlb edir, şagirdlərin bir qismi isə yaranmış vəziyyətdən dərsdən yayınmaq fürsəti kimi istifadə edir.
“Böyüklər öz ideoloji mübahisələrini aparmaq üçün uşaqları meydana sürürlər, uşaqlar da bu mübahisələrin içində özlərinə oyun meydançası tapırlar. Bir tərəf prinsip uğrunda mübarizə apardığını düşünür, o biri tərəf dərsdən yayınmağın yolunu tapdığına sevinir”, – deyə jurnalist paylaşımında vurğulayıb.