Bu gün – oktyabrın 9-da Sülh üzrə Nobel mükafatının builki laureatının adı açıqlanacaq. Mükafatın tarixinə və ona layiq görülən şəxslərə münasibət isə yenidən müzakirə mövzusuna çevrilib.
Təhsil eksperti Etibar Əliyev Sülh üzrə Nobel mükafatının bəzi laureatlarının fəaliyyətini tənqid edib. O, xüsusilə 1990-cı ildə bu mükafata layiq görülmüş SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçovun fəaliyyətinə diqqət çəkib.
Ekspert bu barədə fikirlərini sosial şəbəkə hesabında bölüşüb.
Etibar Əliyev xatırladıb ki, Nobel Sülh mükafatı ilk dəfə 1901-ci ildə Beynəlxalq Qırmızı Xaç Komitəsinin yaradıcılarından biri olan Anri Dünana və fransız iqtisadçı Frederik Passiyə verilib.
Onun fikrincə, Sülh üzrə Nobel mükafatı digər istiqamətlərlə müqayisədə daha çox mübahisələrə səbəb olur. Ekspert Qorbaçovun 1990-cı ildə bu mükafata layiq görülməsini də tənqidi qiymətləndirib.
Əliyev bildirib ki, Qorbaçovun fəaliyyəti Azərbaycan xalqının tarixi yaddaşında ağır hadisələrlə bağlıdır. O, Qərbi Azərbaycandan yüz minlərlə azərbaycanlının deportasiyasını, 1990-cı il 20 Yanvar faciəsini və Qarabağ münaqişəsi dövründə baş verənləri xatırladaraq bu hadisələrdə Qorbaçovun rolunu tənqid edib.
Ekspert xüsusilə 1990-cı il yanvarın 20-də Bakıya sovet qoşunlarının yeridilməsinə görə Qorbaçovu məsul hesab etdiyini vurğulayıb. O, həmçinin Qarabağ münaqişəsi dövründə yaradılmış Xüsusi İdarəetmə Komitəsinin fəaliyyətini də tənqidi qiymətləndirib.
Etibar Əliyevin fikrincə, bu tarixi hadisələr Qorbaçovun Sülh üzrə Nobel mükafatına layiq görülməsinə münasibətdə ciddi suallar yaradır.