Azərbaycanda məktəblilərin geyim forması ilə bağlı müzakirələr davam edir. Mövzu ətrafında aparılan müzakirələrdə dünyəvi dövlət prinsipləri, dini etiqad azadlığı, məktəblərdə vahid geyim qaydaları və uşaqların radikal təsirlərdən qorunması məsələləri ön plana çıxır.
Politoloq Turan Rzayev bu barədə News365.az-a açıqlamasında bildirib ki, Azərbaycan dünyəvi dövlətdir və ölkənin rəsmi dini yoxdur. Onun sözlərinə görə, dövlət bütün dinlərə eyni münasibət bəsləyir və vətəndaşların dini inanclarına hörmətlə yanaşır.

Politoloq vurğulayıb ki, dini inanclara hörmətlə yanaşmaqla qanunlara riayət etmək fərqli məsələlərdir. O hesab edir ki, dövlət məktəblərində müəyyən edilmiş qaydalar bütün şagirdlər üçün eyni şəkildə tətbiq olunmalıdır.
Rzayevin fikrincə, vahid məktəbli formasının tətbiqinin əsas məqsədlərindən biri şagirdlər arasında ailələrin maddi vəziyyətindən, sosial mövqeyindən və dini mənsubiyyətindən qaynaqlanan fərqlərin ön plana çıxmasının qarşısını almaqdır.
“Dövlət məktəbdə hamını bərabər görür. Yeni nəslin də məhz bu düşüncə və psixologiya ilə yetişməsi istənilir. Əslində, bu, sosial dövlət modelinin təhsildə təzahür edən formalarından biridir”, – deyə politoloq bildirib.
Turan Rzayev dini etiqad azadlığının Azərbaycan Konstitusiyasında təsbit olunduğunu xatırladıb. Bununla yanaşı, uşaqların yaş xüsusiyyətlərinin nəzərə alınmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, məktəb yaşlı uşaqların müxtəlif mənfi təsirlərdən qorunması vacibdir. Bu baxımdan dini radikalizmin təsirlərinə qarşı da diqqətli olmaq lazımdır.
Politoloq hesab edir ki, dini inanc və dini radikalizm eyni anlayışlar deyil. O, uşaqların dini etiqadına hörmətlə yanaşılmasının vacibliyini qeyd etməklə yanaşı, onların həssas yaş dövründə radikal ideologiyaların təsirinə məruz qalmamasının əhəmiyyətini vurğulayıb.
“Problem nə hicabdır, nə də din. Əsas problem bizi əhatə edən coğrafiyada artan ekstremizm və dini radikalizmdir”, – deyə Rzayev bildirib.
Politoloq dini inanclardan siyasi məqsədlər üçün istifadə edilməsinin yolverilməz olduğunu da bildirib. Onun fikrincə, uşaqların dini simvollardan və inanclardan istifadə edilməklə siyasi təbliğat prosesinə cəlb olunması xüsusi narahatlıq doğurur.
Rzayev qeyd edib ki, bir müddət əvvəl hicablı və çadralı uşaqların iştirakı ilə başqa bir ölkənin dini liderinin təbliğinə və onun şüarlarının yayılmasına şahidlik edilib. O, bu cür halların dinin siyasi məqsədlər üçün istifadə olunması baxımından qiymətləndirilməli olduğunu düşünür.
Politoloqun fikrincə, dinin əsas çağırışlarından biri insanlar arasında birlik və bərabərliyin təşviqidir. Lakin bəzi hallarda dini dəyərlər siyasi maraqlar naminə istismar edilir və bu prosesə uşaqlar da cəlb olunur.
Turan Rzayev vurğulayıb ki, Azərbaycanda müxtəlif dini inanclara mənsub insanların birgə yaşaması təbii haldır və hər kəsin inancına hörmət edilməlidir.
Onun sözlərinə görə, məktəb mühitində isə şagirdlərin bərabərliyi və hamı üçün ümumi qaydaların tətbiqi əsas prinsiplərdən biri olmalıdır.
Politoloq hesab edir ki, vahid məktəbli forması bu bərabərliyi ifadə edən vasitələrdən biridir. O, məktəblərdə geyim qaydalarının müzakirəsi zamanı dini etiqad azadlığı, qanunvericilik və uşaqların maraqları arasında tarazlığın qorunmasının vacibliyinə diqqət çəkib.