Finlandiya vətəndaşlıq almaq istəyən əcnəbilər üçün yeni tələb tətbiq etməyə hazırlaşır. 2027-ci ilin martından etibarən vətəndaşlıq üçün müraciət edən şəxslərdən xüsusi bilik imtahanı tələb olunacaq.
News365.az “Euronews”a istinadən xəbər verir ki, bunu Finlandiya İmmiqrasiya Xidmətinin baş direktoru İlkka Haahtela açıqlayıb.
Onun sözlərinə görə, ölkədə vətəndaşlıq prosedurlarının sərtləşdirilməsi istiqamətində indiyədək bir sıra dəyişikliklər edilib. Yaşayış müddəti və gəlirlə bağlı tələblər yenilənib. Biliklərin yoxlanılması üçün imtahanın tətbiqi isə islahatların növbəti mərhələsi olacaq.
Yeni qaydalara əsasən, müraciət edənlər tələb olunan biliklərə sahib olduqlarını bir neçə yolla təsdiqləyə biləcəklər. Bunun üçün xüsusi vətəndaşlıq imtahanından keçmək, sertifikat imtahanı vermək və ya fin, yaxud isveç dilində ali təhsil almaq mümkün olacaq.
İslahatın 2027-ci il martın əvvəlində qüvvəyə minməsi nəzərdə tutulur. Yeni tələb 18-64 yaş aralığında olan vətəndaşlıq müraciətçilərinə şamil ediləcək.
Vətəndaşlıq imtahanının təşkili və keçirilməsi Finlandiya İmmiqrasiya Xidmətinin məsuliyyətində olacaq.