Ermənistan Apellyasiya Məhkəməsi “Çiçəklənən Ermənistan” Partiyasının lideri, milyarder Qaqik Tsarukyan barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti rədd edib.
News365.az xəbər verir ki, bu barədə Tsarukyanın rəhbərlik etdiyi partiyanın nümayəndəsi İveta Tonoyan oktyabrın 9-da keçirilən mətbuat konfransında bildirib.
Tonoyanın sözlərinə görə, istintaq artıq başa çatıb və məhkəmə prosesi oktyabrın 15-də saat 14:00-a təyin edilib. İşə Nor Nork rayon məhkəməsində baxılacaq.
Partiya nümayəndəsi bildirib ki, istintaqın yekunlaşdığı və məhkəmə tarixinin müəyyən edildiyi bir şəraitdə Tsarukyanın həbsdə saxlanılmasının əsaslı izahı və səbəbi yoxdur.
Milyarder iş adamı və müxalifət lideri Qaqik Tsarukyan iyulun 7-də həbs olunub. O, dələduzluq və çirkli pulların yuyulmasında ittiham olunur.
İstintaq Komitəsinin məlumatına görə, Tsarukyan İran və Ermənistan arasında logistik əlaqələrin qurulması adı altında cinayətkar qrup yaradıb və ona rəhbərlik edib. İttihama əsasən, qrup sənəd saxtalaşdırmaqla İran şirkətlərinə məxsus nəqliyyat vasitələrini, avadanlıqları və malları ələ keçirib və şirkətlərə təxminən 22 milyon ABŞ dolları dəyərində ziyan vurub.
Tsarukyanın tərəfdarları isə hüquq-mühafizə orqanlarının baş nazir Nikol Paşinyanın tapşırığı ilə hərəkət etdiyini və iş adamının siyasi fəaliyyətinə görə hədəf alındığını deyirlər.
"Çiçəklənən Ermənistan" partiyasının lideri olan Qaqik Tsarukyan iyunun 7-də keçirilən parlament seçkilərində namizəd kimi iştirak edib, lakin qələbə qazana bilməyib. O, seçki kampaniyası dövründə baş nazirin çıxışlarında əsas hədəflərdən biri idi.
Nikol Paşinyan dəfələrlə çıxışlarında digər rəqibləri Robert Koçaryan və Samvel Karapetyanla birlikdə Tsarukyanı da həbsxanaya göndərəcəyi ilə hədələyib.
O, həmçinin, Tsarukyanın malikanəsini ahıllar üçün sanatoriyaya çevirəcəyini vəd etmişdi.