Paşinyanın açıqlamaları bundan sonra atacağı addımlardan asılıdır - ŞƏRH

Paşinyanın açıqlamaları bundan sonra atacağı addımlardan asılıdır - ŞƏRH
19 Sen 2024 14:30

“Azərbaycan öz ərazilərini Ermənistan işğalından azad etdikdən sonra regionda kommunikasiyaların açılması əsas müzakirə predmetinə çevrilib. 2020-ci il 10 Noyabr tarixində yayımlanan birgə bəyanatda Azərbaycanın Qərb rayonları ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin açılması məsələsi öz ifadəsini tapıb. Təəssüf ki, Ermənistan kənardan gələn məlumatlar əsasında bu dəhlizin açılmasını əngəlləməyə çalışır. Sözsüz ki, bu dünyanın daha böyük güclərinin geosiyasi çəkişməsinin nəticəsidir.”

Bu sözləri News365.az-a açıqlamasında siyasi elmlər doktoru Elşad Mirbəşir oğlu deyib. O, Nikol Paşinyanın “Tranzit qaz kəməri Ermənistan ərazisindən keçərsə, Azərbaycandan qaz almağa hazırıq.” İfadəsini şərh edərək ətraflı məlumat verib.  


“Ermənistan Zəngəzur dəhlizinin açılmasını istəmir. Buna baxmayaraq, regionda kommunikasiyaların açılması mütləqdir. Nəzərə almaq lazımdır ki, Ermənistan apardığı işğalçılıq siyasəti ilə regionda həyata keçirilən layihələrdən özünü təcrid edib.

Regionda Azərbaycanın birbaşa iştirakı və təşəbbüsü ilə çox mühim enerji və nəqliyyat layihələri həyata keçirilib. Ermənistan Azərbaycan ərazilərində işğalçılıq siyasəti həyata keçirdiyinə görə bu mühim layihələrdən kənarda qalıb. Bu gün Ermənistan rəhbərliyi və cəmiyyəti dərk edir ki, bu layihələrdən kənarda qalmaqla Ermənistan çox böyük iqtisadi dividendlərdən məhrum qalıb. Bu səbəbdən Paşinyan Ermənistan ərazisindən Azərbaycan qazının tranziti imkanlarından danışır. Nəzərə almaq lazımdır ki, bunun üçün regionda kommunikasiyalar yaradılmalıdır. Kommunikasiyalar yaradılmadan Azərbaycan qazının Ermənistan üzərindən tranzit keçidini təmin etmək mümkün deyil.”

Müsahibimiz verdiyi açıqlamada qeyd edir ki, Paşinyanın açıqlamaları Ermənistanın bundan sonra atacağı addımlardan asılıdır.

“Zəngəzur dəhlizi sadəcə nəqliyyatın hərəkətini deyil, eyni zamanda digər ötürücülük imkanlarına sahib olmağa təsir göstərir. Bu isə o mənaya gəlir ki, buradan elektrik və qaz xəttinin keçməsi mümkün idi və Naxçıvan üzərindən Türkiyəyə çatdırıla bilərdi.  Zəngəzur dəhlizinin açılması bu tip imkanları təmin edəcək gücə sahibdir. Paşinyanın Azərbaycan qazının Ermənistan üzərindən tranziti imkanları haqqında danışması hansısa məqamlara hesablanmış yanaşmadır.

Hər şeydən öncə Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanmalıdır. Azərbaycanın olduqca haqlı, beynəlxalq hüquq normalarına uyğun şərtləri Ermənistan tərəfindən nəzərə alınmalıdır ki, tərəflər arasında sülh sazişi imzalansın.  

Sülh sazişi imzalandıqdan sonra, Azərbaycan bütövlükdə regionda kommunikasiyaların açılmasının tərəfdarıdır. Eyni zamanda sözsüz ki, bütün region ölkələrinin əməkdaşlığı təşəbbüsü Azərbaycan tərəfindən irəli sürülmüşdür.

Bu əməkdaşlıq bütün sahələri, bununla belə, enerji sahəsinidə əhatə edə bilər. Hesab edirəm ki, Paşinyanın səsləndirdiyi fikirlər Ermənistanın bundan sonra atacağı addımlardan, sülh məsələsində nə qədər səmimi olmasından asıl olacaq.” – deyə açıqlamasında bildirib.


Youtube kanalımız

Oxşar xəbərlər