Avropa
İttifaqının (Aİ) xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi
Peter Stanonun Ermənistanın “Armenpress” xəbər agentliyinin sualına cavabında
Avropa İttifaqının Ermənistandakı Missiyasının mandatı və Ermənistanın
militarizasiyası barədə səsləndirdiyi fikirlər tamamilə əsassız və
qəbuledilməzdir.
News365.az xəbər
verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan
Hacızadənin Avropa İttifaqının (Aİ) xarici məsələlər və təhlükəsizlik siyasəti
üzrə mətbuat katibi Peter Stanonun iddialarına dair şərhində deyilir.
"Avropa
İttifaqı rəsmisinin Azərbaycan Respublikası Prezidentinin fikirlərini yanlış və
açıq qərəzlə şərh etməsini qətiyyətlə rədd edirik.
Azərbaycanın
razılığı ilə yaradılmış missiyanın mandatının heç bir əsas olmadan
genişləndirilərək, onun guya bölgədə sülh və Azərbaycanla-Ermənistan arasında
normallaşma prosesinə dəstək rolunun olması fikirləri bu missiyadan necə
sui-istifadə edildiyini göstərir.
Anti-Azərbaycan
təbliğat aləti kimi fəal şəkildə istismar edilən bu missiya Azərbaycanın
Ermənistan ilə apardığı normallaşma prosesində hər hansı bir rola malik ola
bilməz.
Aİ
missiyası təsis edilən gündən müxtəlif vədlərə baxmayaraq, missiya Azərbaycanın
legitim maraqlarını nəzərə almayıb, missiya fəaliyyəti qarşılıqlı inam və
etimadı təmin etməyib.
Aİ
Missiyasının rəhbəri dəfələrlə Ermənistan tərəfinin yalan və böhtan dolu
iddialarını əsas tutaraq, guya Azərbaycanın hər hansı bir hücuma hazırlaşdığı
barədə fikirlər səsləndirdiyi, Aİ Missiyasının əsas vəzifəsinin “Ermənistanı
Azərbaycandan qorumaq” kimi təqdim edildiyi, bununla normallaşma prosesinə
xələl gətirdiyi hər kəsə məlumdur. Bu mühitdə, Ermənistan tərəfi Aİ
Missiyasının mövcudluğundan sui-istifadə etməkdədir.
Bununla
yanaşı, bütün dünyada öz işğalçılıq siyasəti, Azərbaycana qarşı 30 ilə yaxın
hərbi təcavüzü ilə tanınan Ermənistanın hərbiləşdirilməsinə yönəlmiş və daha
böyük hərbi təchizatlara (öldürücü və hücum tipli silah növləri daxil olmaqla)
dair yeni vədlərin də yer aldığı kampaniya Azərbaycanın milli təhlükəsizliyinə
təhdiddir. Bu prosesə Avropa İttifaqı mətbuat katibinin bəraət qazandırması
narahatlıq mənbəyidir.
Qonşularına
qarşı ərazi iddialarından əl çəkməyən Ermənistanın strateji hücum silahları
əldə etməsi daxil olmaqla, kütləvi şəkildə hərbiləşmə siyasətinə son
qoyulmaması bölgədə növbəti gərginliyin yaradılması səyləri kimi
qiymətləndirilə bilər.
Azərbaycan
bölgədə beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında davamlı sülhün,
sabitliyin və təhlükəsizliyin tərəfdarıdır. Sülhə təhdid törədən addımların
qətiyyətlə qarşısının alınması zəruridir", - açıqlamada qeyd edilib.