Mərhum millət vəkili, ictimai xadim,
professor Qənirə Paşayevanın ölümündən 1 il ötdü.
News365.az xəbər verir ki, Qənirə Paşayeva 1975-ci il
martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.
Azərbaycan Dövlət Tibb Universitetinin
Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq
fakültəsini bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvü olub, 20-dən artıq
elmi, publisistik kitabın, romanın, yüzlərlə məqalənin müəllifidir. 20-yə yaxın
sənədli filmin ssenari müəllifi və baş məsləhətçisi olub.
1998-ci ildən "ANS" televiziya
şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, Xəbərlər
redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb. 2005-2012-ci
illərdə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri olub.
2012-2015-ci illərdə «Odlar Yurdu" Universitetinin Siyasi elmlər
kafedrasına rəhbərlik edib.
Üçüncü, dördüncü və beşinci çağırış
Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Milli Məclisin
Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun rəhbəri, Avstraliya, Bosniya və Herseqovina, Fransa,
Gürcüstan, İndoneziya, İraq, İspaniya, İtaliya, Koreya, Qazaxıstan,
Qırğızıstan, Macarıstan, Malayziya, Mərakeş, Misir, Moldova, Özbəkistan,
Rumıniya, Şimali Makedoniya, Tailand, Türkiyə, Türkmənistan, Vyetnam, Yaponiya
parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü idi.
Q.Paşayeva Asiya Parlament
Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olub.
Gürcüstanın, habelə Türkiyənin bir çox vilayətlərinin
fəxri vətəndaşı olan Qənirə Paşayeva Gürcüstanın «Şərəf» ordeni ilə təltif
edilib.
O, həmçinin, Dünya Azərbaycanlılarını
Əlaqələndirmə Şurasının üzvü, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu
İctimai Birliyinin sədri idi.
Millət vəkili Qənirə Paşayeva 2024-cü
ilin sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinikanın reanimasiya şöbəsində
vəfat edib. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulmuşdu.
48 yaşında vəfat edən Qənirə Paşayeva II
Fəxri Xiyabanda dəfn olunub