Həmid Əsədzadə 2 yaşlı qızının ölümündən
danışdı: "Uşağımı xəstəxanaya aşpaz çatdırıb"
AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadə
2 yaşlı qızının Səbail rayonu ərazisində yerləşən "Candy Kids" adlı
özəl uşaq bağçasında dünyasını dəyişməsindən danışıb.
O, hadisə
barədə bunları deyib:
"Özüm də tam anlaya bilmirəm ki, nə
baş verib. Mənə hələ indi çatır ki, körpəm vəfat edib. Deyirlər uşaq
anadangəlmə ürək qüsurlu olub. Ekspertizanın cavablarını araşdırmağa çalışıram.
Amma uşaq anadan
olandan 3 gün sonra çek-up, dopler etdirmişəm. Dabandan iliyinə qədər analizlər
götüzdürmüşəm. Üç ay əvvəl öskürürdü. Həkim müayinəsi etdirdim. Heç bir qüsur çıxmadı. Anlaya bilmirəm nə
məsələdir".
Həmid Əsədzadə övladının yıxılması ilə
bağlı deyilənlərə də münasibət bildirib:
"Yıxılıb, amma xəsarət yoxdur.
Özündən gedərək yerə yıxılıb. Daha sonra ağlamağa başlayıb. Uşağı ayağa
qaldırıblar. Anlaya bilmirəm... Görüntülərə də baxa bilmirəm".
Həmid Əsədzadə bildirib ki, uşağın nəşi
Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinədən
keçirilib:
"Anası razı deyildi, amma dedim ki,
uşaq müayinə olunsun. Cavabları tam 15 gündən sonra çıxacaq. Övladım 3-4 ay idi
ki, sözügedən bağçaya gedirdi. Anası ilə eyni yerdə çalışdığımız üçün bağça
bizim işimizə daha yaxın idi. Gün ərzində kamera ilə də izləyirdik. "Candy
Kids" uşaq bağçasını ər-arvad işlədir. Onları dərindən tanımıram. Hadisə
baş verəndən sonra uşağı poliklinkaya (xəstəxanaya) bağçanın aşbazı çatdırıb.
Dünən sorudum ki, bəs uşağın müəllimi harda olub? Dedilər rayona gedib. Uşaqlara
aşbaz baxırmış. Buna çox əsəbləşdim. Xəstəxanaya bağçadan heç kim gəlməyib. Bu
məni çox əsəbləşdirdi. Dedim ki, bəlkə siz nəsə bilirsiniz, gəlin deyin. Bağça
rəhbərliyi cavab olaraq dedi ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına
izahat verirmişlər. Onlar daha sonra məscidə gəldi".