Sudanda hərbiləşdirilmiş Çevik Cavab Qüvvələri (ÇCQ) ölkənin qərbindəki Əl-Faşir şəhərində əsas hərbi bazanı və qərargahı ələ keçirdiyini açıqlayıb.
News365.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb.
Çevik Cavab Qüvvələri sosial şəbəkədə əsgərlərin bazanın ələ keçirilməsini qeyd etdiyini göstərən video yayımlayıb. Peyk görüntüləri göstərir ki, yerli 6-cı diviziyanın qərargah kompleksi ziyana məruz qalıb.
Əl-Faşir Şimali Darfur əyalətinin paytaxtı və Darfurdakı sonuncu böyük hərbi qaladır. BMT-nin hesablamalarına görə, şəhərdə 260 min mülki şəxs mühasirəyə alınıb.
Sudan komandanlığı bazanın itirilməsini rəsmi olaraq təsdiqləməyib. Lakin Sudan ordusuna yaxın mənbələr ordunun bir gün əvvəl bazanı tərk etdiyini və ÇCQ-nin ağır atəşi altında müdafiə xəttinə keçdiyini bildirib.
Bazanın daxilindəki aerodromda və Əl-Faşirin qərb məhəllələrində döyüşlər davam edib, lakin ordu ÇCQ-nin hücumlarını dəf etmək üçün əhəmiyyətli hava dəstəyinə malik deyil.
Sudanda ölkənin silahlı qüvvələri ilə ÇCQ arasında münaqişə 15 aprel 2023-cü ildən bəri davam edir. Dəqiq ölənlərin sayı məlum deyil. 14 milyondan çox insan evlərini tərk edib. Hazırda ordu Xartum da daxil olmaqla, Sudanın şimalını və şərqini, ÇCQ isə ölkənin cənubunu və demək olar ki, bütün Darfuru nəzarətdə saxlayır.
Ordu ilə ÇCQ arasında ən ağır döyüşlərin bəziləri paytaxtın qərbindəki Kordofan və Darfur bölgələrində baş verir.