Şirvanşah Fərrux Yasarın dəbilqəsi Nyu York muzeyinə necə aparıldı?

Şirvanşah Fərrux Yasarın dəbilqəsi Nyu York muzeyinə necə aparıldı?
09:19
Nyu-Yorkdakı Metropoliten İncəsənət Muzeyində sərgilənən Şirvanşahlar dövlətinin hakimi, Fərrux Yasarın dəbilqəsi
Dəbilqənin dizaynı və formatı möhtəşəmdir. Sırf Şirvan incəsənətinin parlaq nümunəsidir. Poladdan hazırlanıb, üzəri incə naxışlar və gümüş/qızıl naxışlı ərəb qrafikalı yazılar ilə bəzədilib.
Dəbilqənin aşağı hissəsinə döyüşçünün boyun və üz nahiyəsini qorumaq üçün zirehli şəbəkə bərkidilib.
Dəbilqələrin üzərində Şirvan hökmdarı Fərrux Yasarın adı ərəb əlifbası ilə qeyd edilib.
Dəbilqə 1938-ci ildə Vyanada baron Alfons Mayer Rotşildin kolleksiyasından almanlar tərəfindən müsadirə edilib və 1949-cu ildə Avstriya hökuməti tərəfindən onun varislərinə qaytarılıb. Hazırda Metropoliten muzeyinin kolleksiyasındadır
Dəbilqənin şərq incəsənətinin və metal işləmənin gözəl nümunəsi olması bəllidir. Şirvanşah Fərrux Yasar da Azərbaycan tarixinin, dövlətçilik tarixinin tanınan şəxsiyyətlərindən biridir.
Lakin burada sual Azərbaycandan bu dəyərli və tarixi dəbilqə necə çıxarılıb və niyə hazırda Nyu Yorkda muzeydə sərgilənir ? Niyə Rotşild ailəsinin şəxsi kolleksiyası hesab edilsin. Axı bu Azərbaycana və onun millətinə, dövlətinə aid bir sərvətdir. Bu suallara cavab axtaranda çox maraqlı faktlar əldə etmək oldu..
Məlumdur ki, Osmanlı Səfəvi savaşları Sultan Süleyman zamanında da davam etmiş və bu müharibələr zamanı Şirvan-Şamaxı ərazində də talançılıq edilib və bu dəbilqə digər sərvətlər kimi İstanbula aparılıb.
Topqapı/Hərbi Muzeyin kolleksiyasına daxil edilir. Dəbilqənin üzərində hələ də qalan və Osmanlı hərbi arsenalına aid olduğunu sübut edən rəsmi möhür də bunu təsdiq edir.
XIX əsrdə, xüsusilə Osmanlı İmperiyasının zəiflədiyi və Avropada qədim Şərq silahlarına kolleksiya marağının artdığı dövrdə, İstanbuldakı bəzi hərbi arsenallardan eksponatların bir qismi müxtəlif yollarla, hədiyyələr, ya da qeyri-rəsmi satışlar və xarici kolleksionerlərin vasitəçiliyi ilə Avropaya çıxarılır.
Məhz Fərrux Yasarın dəbilqəsi Avropanın ən zəngin ailələrindən biri olan, Vyanada yaşayan məşhur milyarder Rotşild ailəsinin şəxsi kolleksiyasına Osmanlı dövlətindən satılan (oğurlanan) əşya kimi daxil olur.
İkinci dünya müharibəsindən sonra Hitlerin müsadirə olunan kolleksiyaları içində olan Fərrux Yasarın dəbilqəsi yenidən Rotşild ailəsinə geri qaytarılır və 1947-ci ildə onlara verilir. Lakin satışa çıxarılması barədə ailənin elanından sonra 1950-ci ildə Nyu-Yorkdakı Metropoliten İncəsənət Muzeyi həmin dəbilqəni rəsmi şəkildə satın alır və üzərində qeydiyyat nömrəsi 50.87-di yazır. Bu satın alma ili və kolleksiya nömrəsidir..
Hazırda Azərbaycan tarixinə aid yüzlərlə belə maddi mənəvi irsimizə aid nümunələr dünyanın bir çox ölkələrinin muzeylərində sərgilənir və bizə məxsus sərvətə ya online ya da orda olanda baxmaq qalır.
Çox təəsüf ki, beynəlxalq hüquqda boşluq var orta əsrlərdə baş vermiş müharibə qənimətlərinin geri qaytarılması barədə məcburi bir mexanizm yoxdur.
Zaur Əliyev, tarixçi

Sizin reklam burada
Sizin reklam burada